Azərbaycan-Rusiya münasibətlərinin inkişafı bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından çox böyük önəm daşıyır.Qeyd etməliyik ki, Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlər daim yüksələn xətt üzrə inkişafdadır, bu əməkdaşlıq bütün sahələrdə uğurla davam etdirilir.
Bu münasibətlərin bərabərhüquqlu davam etməsi isə çox əhəmiyyətlidir. Bu günlərdə Ölkə başçısı cənab İlham Əliyevin Rusiya Federasiyasının prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya etdiyi işgüzar səfər hər iki ölkənin maraqları baxımından xüsusi önəm daşıyırdı. Hər iki dövlət rəhbərinin təkbətək görüşləri zamanı səsləndirdikləri fikirlər, ikitərəfli, eləcə də regional proseslərdə nümayiş etdirdikləri mövqelərə bir daha aydınlıq gətirmələri, heç şübhəsiz dünya üçün də maraqlı və diqqətçəkən idi. Səfərin digər mahiyyəti isə Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubiley tədbirində iştirakı olmuşdur. Qeyd edək ki, vaxtilə Ulu Öndər Heydər Əliyevin bu nəhəng layihənin ərsəyə gəlməsində mühüm xidmətlər göstərib. Bir qədər geriyə, sovet tarixinə nəzər salsaq, Ulu Öndər Heydər Əliyevin SSRİ-nin inkişafında böyük xidmətlərini görmüş olarıq. Belə ki, 1982-ci ildə Siyasi Büronun üzvü seçmiş Heydər Əliyev eyni zamanda, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə də təyin olunmuşdu.
Göründüyü kimi Heydər Əliyevə nəinki vacib və strateji sahə olan BAM-ın tikintisi, həm də ucu-bucağı görünməyən böyük ölkənin ən mürəkkəb sosial-iqtisadi, siyasi və mədəni vəzifələri həvalə edilmişdi. Əlbəttə ki, qədirbilən Azərbaycan xalqı Rusiya rəhbərliyi və ictimaiyyətinin Heydər Əliyevin xatirəsinə göstərdikləri ehtiramı yüksək qiymətləndirir, bu addımı səmimiyyətin, dostluq və qonşuluq əlaqələrinin nişanəsi olaraq dəyərləndirir. Rusiya rəhbərliyi bu addımı ilə, həm də Heydər Əliyevin Rusiya üçün misilsiz fəaliyyətini rus xalqının yaddaşında bir daha təzələmiş oldu. Səfər zamanı möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu məqama toxunanaraq demişdir: “Rusiya rəhbərliyinin, həmçinin ictimaiyyətinin Heydər Əliyevin xatirəsinə göstərdikləri ehtiramı Azərbaycan xalqı yüksək qiymətləndirir. Ulu Öndər Heydər Əlirza oğlu Əliyev vaxtilə Ümumittifaq tikintisi adlandırılan nəhəng layihənin həyata keçirilməsində fəal iştirak edib və onun reallaşdırılmasına öz töhfəsini verib. Ulu Öndər Heydər Əliyev amili dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıb və oynayacaqdır. 2000-ci illərin əvvəllərində ölkələrimiz arasındakı dostluq və mehriban qonşuluq münasibətlərinin əsasını məhz Vladimir Vladimiroviç Putin və Heydər Əlirza oğlu Əliyev qoyublar”. Möhtərəm dövlət rəhbərimiz İlham Əliyev Azərbaycan-Rusiya münasibətlərini, həm də sülh və əminamanlıq tərəfdaşlığı kimi qiymətləndirərək qeyd etmişdir: “Müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Azərbaycan və Rusiya təkcə böyük nəqliyyat layihələri həyata keçirmir. Hər iki ölkə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edir”. Göründüyü kimi Azərbaycan və Rusiya arasında iqtisadi-siyasi və mədəni sahələrdə əməkdaşlıq hazırda yüksək səviyyədə davam edir. Şübhə yoxdur ki, bundan sonrada iki ölkə arasında bərabərhüquqlu iqtisadi-siyasi münasibətlər üçün regionda davamlı, ardıcıl inkişafın təmin olunmasına şərait yaradılacaqdır.
Xəlil Aslanov;
Neftçala rayonu, Şəhid atası