Ölkəmiz 28 il müddətində 44 günlük Vətən Müharibəsinə qədər işğal altında olan torpaqlarının geri qaytarılması, beynəlxalq hüququn bərpa edilməsi məqsədilə yaradılmış ATƏT-in “Minsk qrupu” na böyük ümidlər bəslədi. Lakin görünən odur ki, bu qurum ötən dövr ərzində nəinki sülhə, haqq-ədalətə xidmət etmədi, əksinə işğal prosesinin uzadılmasına, bu prosesin güya qeri-mümkün olması barədə Azərbaycan dövlətini inandırmaq siyasətinə xidmət etdi. Bu qurumun bir nömrəli vəzifəsi olan – Azərbaycan torpaqlarının işğaldan azad olunması, məcburi köçkünlərin geri qayıtması təmin edilmədi. “Minsk qrupu” tərəfindən ötən müddət ərzində Ermənistana təzyiq göstərilmədi, heç bir sanksiya tətbiq olunmadı. Nəticə isə göz qabağındadır. Bu qurumun üçlüsündən biri olan və açıq şəkildə birtərəfli siyasət yürüdərək, Ermənistanı dəstəkləyən Fransanın əsl siması isə 2020-ci ildə 44 günlük Vətən Müharibəsi başa çatandan sonra ortaya çıxdı. Qalib tərəf olaraq Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı kimi çıxış etdi. Ölkəmiz Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış etsə də, qarşı tərəfindən buna adekvat reaksiya verilmədi.
Qeyd edək ki, Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb. Bu əsas prinsiplər Ermənistan tərəfindən qəbul edilsə də, qarşı tərəfin kənar təsirlər, eləcə daxili siyasi vəziyyət səbəbindən hazırda bu təşəbüssləri tam şəkildə dəstəkləməsi mümkün görünmür. Bu günlərdə Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edən Ölkə başçısı cənab İlham Əliyev öz nitqində bu məqama da xüsusi toxundu. Müzəffər Liderimiz sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarının Azərbaycan olduğuna diqqət çəkdi. Cənab Prezident iki ölkə arasında artıq de-fakto sülhün mövcud olduğunu, bunu isə sərhəddə bir neçə aydır sülh şəraitinin hökm sürməsi ilə əsaslandırdı. Görünən odur ki, bu iki ölkə öz münasibətlərini kənar təsirlər olmadan həll edə bilər. Tam şəkildə müstəqil siyasət yürüdən Azərbaycanın artıq siyasi, iqtisadi, hərbi nüfuzu bütün dünyaya bəllidir. Bu məsələdə artıq qalır rəsmi İrəvanın qətiyyət nümayiş etdirməsi. Heç bir kənar təsir olmadan, region üzvü, qonşu olaraq bu ölkə özü üçün həyatı əhəmiyyətli qərar verməlidir. Belə olarsa dalana çevrilmiş Ermənistan inkişaf, tərəqqi edə bilər. Əks halda, hazırkı vəziyyətləri bir qədər də pisləşəcək, ölkənin gələcək taleyi sual altına düşəcəkdir.
Nəriman Güləhmədov;
Neftçala rayon ağsaqqalı