Son iyirmi il ərzində Azərbaycanda infrastruktura qoyulan dövlət sərmayələrinin həcmi milyardlarla manatla ölçülür.
Bu dövrdə iqtisadiyyatın inkişafının mühüm şərti olan avtomobil, dəmiryolu, elektrik enerjisi, qaz, su təminatı, hava və dəniz limanları və sair istiqamətlərdə yüzlərlə böyük layihələr reallaşdırılıb. Bu layihələrin icrası Azərbaycanı bir sıra infrastruktur sahələrin vəziyyətinə görə dünyada ön yerlərə çıxarıb. Bu günlərdə ölkə başçısı cənab İlham Əliyev Şirvan Suvarma Kanalının təməlini qoymaqla ölkəmizin növbəti meqa infrastruktur layihəyə imza atdığını nümayiş etdirdi.
Tədbirdə çıxış edən cənab Prezident qarşıdakı illərdə hökumətin qarşısında duran əsas infrastruktur layihələri arasında başlıca vəzifənin içməli su layihələri və suvarma layihələri olacağını bəyan etdi. Artıq qəbul edilmiş proqram əsasında Azərbaycanda 10-dan çox su anbarının inşa ediləcəyini bildirən cənab İlham Əliyev bir neçə ildən sonra ən azı 500 min hektardan çox torpağın suvarılacağını qeyd etdi. Bilirik ki, 2003-cü ildən bu günə qədər Azərbaycanda suvarılan torpaqların sahəsinin artırılması, suvarma sistemlərinin yenilənməsi, yeni mənbələrin yaradılması istiqamətində çox böyük işlər görülüb.
Məhz cənab Prezidentin də qeyd etdiyi kimi, həm Şimal, həm Qərb bölgələrində əkin üçün yararlı olan torpaqların həcmi və sahəsi böyük dərəcədə artırılıb: “Taxtakörpü su anbarının tikintisi də xüsusi əhəmiyyətə malik olan layihə idi. Şəmkirçay su anbarı da çox böyük infrastruktur layihəsi idi. Biz Yuxarı Qarabağ adlanan kanalı da yenidən quracağıq. İndi onun adı Qarabağ kanalıdır. Qarabağ kanalının inşası gələn il başlayır. Qarabağ kanalı 115 min hektarı əhatə edəcəkdir. Orada əhatə olunan rayonların sayı 9-a bərabərdir”. Bir məsələni də qeyd edək ki, Azərbaycanın işğaldan azad edilmiş bölgələri su ehtiyatları baxımından kifayət qədər zəngindir. Belə ki, ümumi su ehtiyatlarımızın 25 faizi məhz Qarabağ və Şərqi Zəngəzur ərazisindədir. Bu rəqəm özlüyündə çox şeydən xəbər verir. Hərçənd ki, 30 ilə yaxın müddətdə həmin ərazilərimiz ölü və boz zonaya çevrilmişdi. Düşmən bütün sahələrdə olduğu ki, su ehtiyatlarımızı da qanunsuz istismar etmiş, təbii resurslarımızı məhv etmişlər. Lakin 2020-ci və 2023-cü illərdə həyata keçirilmiş əməliyyatlar nəticəsində Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bir zamanlar işğal altında qalmış torpaqlarımızın təbii resursları təkrar ölkəmizin nəzarətinə keçdi. Qısa zaman kəsiyində zəngin su ehtiyatlarına malik Qarabağ və Şərqi Zəngəzurda su anbarları tikildi və yenidən quruldu. Belə ki, Ağdam rayonunda Xaçınçay su anbarının açılışı, Füzuli rayonunda Köndələnçay su anbarının yaxın gələcəkdə açılışının nəzərdə tutulması, Zabuxçay su anbarının inşasının davam etməsi, Suqovuşan su anbarının demək olar ki, yenidən qurulması, Həkəriçay, Bərgüşadçay su anbarlarının və kanalların inşa edilməsinin nəzərdə tutulması dediklərimizin bariz nümayişidir.
Günay Quliyeva;
Neftçala rayonu, müəllim