Məlum olduğu kimi ötən ilin aprelində Xətai rayonu, 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində aparıcının idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə “Hyundai İX-35” markalı avtomobilin toqquşması Ayxan Əliyev adlı gəncin ölümü ilə nəticələnib. Ekspertiza və bir ilə yaxın davam edən istintaq araşdırmalarından sonra belə nəticəyə gəlinib ki, baş vermiş qəzada həm “Hyundai İX-35”in sürücü İsmayıl Məmmədovun, həm də jurnalistin təqsiri olub. 19 yaşlı İsmayıl Məmmədov 8 Noyabr prospektindən Sadıqcan küçəsinə dönərkən yol hərəkəti qaydalarına əməl etməyib – dönməni ikinci zolaqdan qırmızı işıqda yerinə yetirib.
Aytən Səfərovaya gəlincə, ekspertiza rəy verib ki, onun da hərəkətində “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olub. Yəni o, sürət həddini aşıb. Ekspertin rəyinə görə, onun bu əməli ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə olub. Qanunun bu tələbinə əməl etsəydi, hadisənin qarşısını almağa texniki imkanı olardı. Bundan başqa, Aytən Səfərova avtomobili sürücülük hüququ olmadan idarə edib. Belə ki, hadisə baş verəndə onun sürücülük vəsiqəsinin etibarlılıq müddəti qurtarıb.
İstintaqın sonunda “Hyundai İX-35”in sürücüsünə Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Hadisə vaxtı onun avtomobilində olmuş və dünyasını dəyişmiş dostu Ayxan Əliyevin ailəsi şikayətçi olmayıb. Məhkəmənin hökmü ilə İsmayıl Məmmədova məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il cəza verilib. Aytən Səfərova haqqında isə Cinayət Məcəlləsinin CM-nin 263-1.3-cü (yol hərəkəti qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi ayrılıb. Bu günlərdə Aytən Səfərova barəsində cinayət işi açılması barədə yayılan məlumatlara münasibət bildirib.
Aparıcı mətbuata açıqlamasında bu məlumatın cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədilə bəzi şəxslər tərəfindən yayıldığını deyib: “Məlumatları kimin yaydığını bilirəm. O şəxslər ajiotaj yaratmaq, məhkəməyə təsir etmək istəyirlər. Çünki bəzi qüvvələr var ki, mənim bəraət almağımdan qorxurlar. Bilirəm ki, mənim orada cinayət tərkibli hər hansı bir addımım olmayıb. Bu, məqsədyönlü şəkildə olunub ki, ictimaiyyətdə çaşqınlıq yaradılsın. Vəkilim də var. Bütün bunlar zənnimcə, məhkəmə orqanlarına təsir etmək üçündür. Yalnız və yalnız bunu düşünürəm. Mənim orada heç bir cinayət əməlim yoxdur. Sürücülük vəsiqəmin müddəti bir həftə idi ki, bitmişdi. Çox gərgin bir həftə idi. Bununla razıyam. Hansı sürücünün yadındadır ki, onun vəsiqəsinin vaxtı nə vaxt bitir?! Avtomobilin texniki baxış müddəti, sığortası bitəndə sürücü dərhal cərimə edilir. Nə üçün bu məsələdə cərimə yoxdur? İnsanlar bilməlidirlər”. Aytən Səfərova hadisə günü sürət həddini aşması ilə bağlı yazılanlara da münasibət bildirib: “Onu kim sübut edib? Nə mən, nə də vəkilimiz bununla razıyıq. Çünki mən sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm. Adam qırmızıda keçib, özü də ikinci xəttə dönüb qarşıma çıxıb. Orada mənim qəzadan yayınmaq üçün heç bir texniki imkanım olmayıb. Mən məhkəmələrimizin ədalətli olmasına inanıram və bilirəm ki, bu məsələdə obyektiv qərar verəcəklər, mənim günahım olmadığını biləcəklər”.
“Mən, 2024-cü il aprelin 17-də Xətai rayonunda Gənclik Parkının qarşısındakı yol kəsişməsində baş vermiş bir avtoqəza ilə bağlı ictimaiyyətə müraciət etmək istəyirəm. Məlum hadisədə mənim oğlumun idarə etdiyi avtomobilə yüksək sürətlə gələrək idarəetməni itirən jurnalist Aytən Səfərova(Piriyeva)nın avtomobili çırpılıb, nəticədə oğlum Məmmədov İsmailin maşını yoldan çıxaraq aşıb. Avtomaşında olan 18 yaşlı gənc Ayxan Əliyev (oğlumun dostu) aldığı xəsarətlərdən xəstəxanada həyatını itirmişdi.
İbtidai istintaqın araşdırması və ekspertizanın nəticəsi təqsirin hər iki sürücüdə olduğunu, yəni oğlumun ikinci hərəkət zolağı ilə sarı işıqdan qırmızı işığa keçərkən döndüyünü, Aytən Piriyevanın isə yüksək sürətlə gələrək qəzadan yayınma imkanlarından istifadə etmədiyini aşkar edib. Mən övladıma haqq qazandırmıram və məhkəmənin verdiyi qərara qarşı da deyiləm. İndiyə qədər də heç vaxt nə efirə çıxmamışam,nə də qapıları döyüb özümüzə bəraət qazandırmağa çalışmamışam. İlk gündən də demişəm oğlumun təqsiri nədirsə, ona uyğun da cəzalandırılsın. Mənim oğlum avara, xuliqan deyil. Hər gün ölkəmizdə onlarla qəzalar olur, faciələr baş verir. Amma bir ana olaraq heç kimə ixtiyar vermərəm ki, mənim oğlumun haqqında dezinformasoyalar yaysın.
Oğlum, Məmmədov İsmail hadisə baş verdikdən dərhal sonra Xətai rayonu polis bölməsinin əməkdaşları tərəfindən dərhal saxlanılıb, qanı analiz edilib və soruşdurmaya aparılıb. Analizin nəticəsi oğlumun avtomobili içkili olmadan, ayıq şəkildə idarə etdiyini və başqa qadağan olmuş maddələrin qanında aşkarlanmadığını təsdiq edib. Bəli, mənim oğlumun içki və digər aludəçiliyi olmadığından onsuz da bir ana kimi əmin idim. Sadəcə, həmin gün səhər saatlarında hava çox dumanlı olduğundan, COP 29 ərəfəsində nəqliyyat yollarında təmir işləri getdiyindən zolağı və işıqforu çaşdıra bilər( şəxsi fikrimdir), lakin ana yol boş olub həmin anda və avtomaşın yolu keçib qalxmağa hazırlaşarkən 22 metr məsafədən yüksək sürətlə sol zolaqla hərəkət edən ağ hunday aksent anidən sağ zolağa keçid edir(boş yolda) və oğlumun maşınını sağ arxa qapıdan vurur. Oğlumun maşını ölçücə və çəkicə daha böyük olsa da( ix35 hunday) zərbənin təsirindən havada fırlanaraq ana yola devrilir. Hadisədə 3-cü avtomobil də olub. Belə ki, bizim maşın aşarkən həmin maşını zədələyir( Allahdam ordakı hamilə xanım sürücü və sərnişini xəsarət almır). Həmin xanım oğlumun Xətai Məhkəməsində keçirilən məhkəməsinə də şahid qismində gəlib.
O Aytən Səfərovaya aid avtomobilin yüksək sürətlə onu ötərək keçdiyini qeyd edib və əlavə edib ki,həmin avtomobil heç bir maşına dəyməsə də qəza edəcəkdi, çünkü çox sürətlə gedirdi. Yəni Aytən Səfərova çox yüksək sürətlə sürüb(bəlkə də verlişinə gecikirmiş, ola bilər). Mən hadisə yerinə çatanda ancaq Aytən xanım bildirdi ki, evdən çıxanda təziqi qalxmışdı( yəni bu da idarəetməni itirməsinə səbəb ola bilər, bəlkə).
Təəssüf ki, həmin gün Aytən xanım hadisə yerində müayinə olunmayıb, qan analizi növbəti gün götürülüb ondan( guya qabırğası əzilib,xəstəxanaya gedib). Əsas bu deyil,əsas odur ki,bir cavan uşaq dünyasını dəyişdi,digər gənc isə təqsirli bilinərək haqqında hökm verildi. Mənim səbrimi daşıran həmişə vicdandan,haqdan-ədalətdən danışan bu jurnalist Aytən Səfərovanın öz mediya nüfuzundan sui-istifadə edərək sosial şəbəkələrdə,efirlərdə oğluma şər – böhtan atması,özündə təqsir görməməsidir. Onu da qeyd edim ki,istindaq zamanı bu xanımın sürücülük vəsiqəsinin vaxtının keçdiyi və nəqliyyat vasitəsini qanunsuz idarə etdiyi bəlli oldu. Aytən xanım,heç kim uşaq deyil,vəsiqənin üstündə son etibarlılıq tarixi var,hamı da çox gözəl bilir ki,sənədi nə vaxt dəyişməlidir. Siz hər şeyi belə bilən,xəbərdar olan savadlı insan,necə xəbərsiz olmusuz bundan?! Absurddur! Mənim oğlumu içkili kefdən gəldiyini,dostları ilə bardan gəldiyini deyirsiz. O dostlardan biri Xankəndinin azad olunması əməliyyatında qəlpə yarası almış bir igiddir,mərhum Ayxanın qardaşı Altun Əliyevdir. İkincisi də,siz hansı səlahiyyət sahibisiniz ki,kimin hardan gəldiyinə,getdiyinə dil uzadırsınız?! Deyirsiniz ki,sizi ləkələmək istəyirlər filan! Kim,harada sizə aid biz tərəfdən bu günə kimi nəsə deyib,hə?! Özünüzlə səhv salmayın! O siz idiz hər yerdə oğluma şər atan,özünüzü təmizə çıxaran. Ailə də sizi suçlu bilir,hamı da! Yalvarıb,yıxılıb ayaqlarına zərərçəkmişin ailəsindən şikayəti geri çəkdirmisiniz,başqa da nə etmisiz yaxşı bilirsiniz! Əgər,biz susmuşuqsa bu günəcən səviyyənizə düşməmək və Ayxanın ruhuna hörmət olaraq susmuşuq!
Mən,üzümü bizim aidiyyatı orqanlara tuturam. Aytən Səfərovaya doğru hüquqi qərar verilsin. Hətta oğlumu içkili adlandırdığı üçün,şər-böhtan atdığı üçün şikayətçiyəm,hüququn tələb etdiyi ən şiddətli şəkildə cəzalansın! “Suçluyam,güclüyəm” deyib jurnalist imkanlarından sui istifadə edərək,bütün qapıları döyən sizsiz,Aytən Səfərova! Mən heç kimi,heç yeri tanımıram. Oğlumun avtomobolinə gəlincə,bu ölkədə 28 il müəllim işləyib borc-xərc,kreditlə özümə bir avtomaşın ala bilmərəmmi mən?! O,bizim neçə ildə aldığımız tək maşındı. Amma sizin həyətinizdə maşınlarınız çoxdur və mən onların sorğusunu etmirəm,çünkü bu ədəsizlikdir! Son olaraq,üzümü tuturam Ali Məhkəməmizə,Daxili İşlər Nazirimizə,Baş Prokurorumuza,xahiş edirəm,bu xanımın cəzası nədirsə o da verilsin”.
Mövzunu diqqətdə saxlayacağıq…