Respublikainfo.com Media Qrupu təqdim edir:
“O”NUN TÖHMƏTİ, “BU”NUN ZƏHMƏTİ
88 saylı Şamaxı seçki dairəsindən 1-ci etüd
“O”ndan nə gördük, “Bu”ndan nə görək?! Bu fikri ucadan söyləyin! Üçüncü şəxs tərəfindən “bu”na çox ağır töhmətdir. Həm də açıq deyək, təhqirdir. Çünki, “o” şəxs əvəzliyi olsa da , ”bu”, şəxs əvəzliyi əvəzi işlədilir. 88 saylı Şamaxı seçki dairəsində seçki təbliğatı kampaniyasına başladığımız günün ilk saatlarından eşitdiyim “O”ndan nə gördük, “Bu”ndan nə görək” töhmət qarışıq ritorik, özündə həm də acizanə bir təsdiq gizləyən bu ifadə “Bu”nun suçu deyil. Nəinki Şamaxımızın, nəinki Azərbaycanımızın, Adəm övladının ən böyük şah əsərlərindən sayılan dahi İmadəddin Nəsimi demişkən, “O”nun etdiklərinin, pardon, etmədiklərinin təcəllasıdır bu bədgümanlıq və töhmət!
Bəli, “O” etmir, günah “Bu”ndadır! “O” saymır, suç “Bu”ndadır. “O” heç kimin qayğısına qalmır, heç kimə əl uzatmır, kömək umanın inamını birdəfəlik qırır, sevilmir, sayılmır, seçilmək şansı yoxdur, ancaq töhmət “Bu”na yönəlir. “O”ndan nə gördük, “Bu”ndan nə görək?! Etiraf edim , əslində haqlı görünürlər, ancaq bu inama etiqad eləyənlər sabahı görməyənlər, sabaha inanmayanlardır. Şamaxı kəndlərinin çoxunda sakinlərdən eşitdiyim “O”ndan nə gördük, “Bu”ndan nə görək” ittihamına mənim cavabım da məhz belə idi: “Neyləyək, yıxılaq ölək?”. Kimsə nəsə eləyəcək və ya eləməyəcək, onun bədəlini bir gənc və bu gəncə inanan yüzlərlə fidanlar, minlərlə seçicilər ödəməlidir? Bu nə təfəkkürdür?!
Məhz bunlara görə, “O”nunla işim yoxdur! Seçicilərin “O”na ünvanlanan töhmətlərinə də məhz belə cavab verdik: “Keçmiş keçmişdə qaldı, sabaha baxmaq lazımdır”. Bizim keçmişimiz “O”nunla bağlıdır, gələcəyimiz “Bu”nunla!
… Təxminən 2 aya 52 yaşım tamam olacaq. Məni bilənlər bilir, belə şeylərin başın çoxdan buraxmışdım. Vətənə dövlətə nə vaxt lazım oldum, o vaxt orda oldum, bu da mənim borcumdur. İndiki vaxtda, burda – Şamaxıda olmağım da mənim borcumdur. Çünki, düşünürəm, indi də vətənin və dövlətin taleyində önəmli rol oynayacaq ciddi bir proses gözləyirik. 24 yaş böyük olduğum bir gəncin seçki kampaniyasında qürurla, fəxrlə, böyük inamla iştirak edirəm. 28 yaşlı bu gənc nəinki şəxsən mənim, mənim kimi minlərlə, on minlərlə vətən övladının indiyədək müxtəlif səbəblərdən həyata keçirə bilmədiyi arzularının dalınca düşüb. Şahin Sərdarlı mənim 28 yaşımda bacarmadıqlarımı bacarır. Şahin Sərdarlı sədaqətlidir, vətəninə dəli kimi bağlıdır, prinsiplərinə sadiqdir. Dünya dağılsa da, “Dövlət” deyib duracaq, gələcəyi parlaq bir gəncdir! O, “O”na ünvanlanan töhmətlərə görə “O”nun eləmədiklərinə görə, töhmətlənəsi adam deyil! Bunu hər kəs bilməlidir! “O” da, onlar da, doğma Şamaxı sakinləri də!
“O”ndan nə gördük, “bu”ndan nə görək?” deyənlər! “O”ndan nə gördünüz, unudun! Görəcəyinizi elə Şahin Sərdarlıdan görəcəksiniz! Hörmətlə sizin İlham Tumas!