İqlim dəyişikliyi, uzun müddət ərzində qlobal və ya regional iqlim naxışlarının dəyişməsini ifadə edir. Bu dəyişikliklər əsasən insanların fəaliyyəti nəticəsində atmosferə buraxılan istixana qazlarının (əsasən karbon dioksid və metan) artması ilə əlaqəlidir. İqlim dəyişikliyi nəticəsində yaranan problemlər geniş miqyaslıdır və bir çox sahələrə təsir göstərir. İqlim dəyişikliyi kompleks və çoxşaxəli bir problemdir. Onun müxtəlif aspektləri var və hər birisi ciddi təsirlərə malikdir. İqlim dəyişikliyi bütün dünyanı əhatə edir və onun təsirləri yerli, regional və qlobal səviyyələrdə hiss olunur. Hər bir ölkə və region fərqli dərəcədə təsirlənir. İqlim dəyişikliyi dərhal təsirlər göstərməsə də, onun nəticələri uzunmüddətli və geri dönüşü olmayan ola bilər. Bugünkü fəaliyyətlər gələcəkdəki iqlim şərtlərini müəyyən edir. İqlim dəyişikliyi ekoloji, iqtisadi, sosial və siyasi sahələrə təsir edir. Ekosistemlər, insan sağlamlığı, iqtisadi inkişaf, kənd təsərrüfatı və infrastruktur kimi müxtəlif sahələrdə təsirlər müşahidə olunur. İqlim dəyişikliyi ekstremal hava hadisələrinin (quraqlıqlar, daşqınlar, qasırğalar) tezliyini və şiddətini artırır, bu da insan həyatı və mülkiyyət üçün ciddi risklər yaradır. Bu və digər səbəblərə görə, müasir dövrün ən mühüm və təcili həll olunması tələb edən problemlərindən biridir.
İqlim dəyişikliyi ilə mübarizə üçün dünya miqyasında müxtəlif tədbirlər və strategiyalar həyata keçirilir. Bunlar əsasən iqlim dəyişikliklərinin səbəblərini azaltmaq və onun təsirlərinə uyğunlaşmaq üçün nəzərdə tutulub. Beynəlxalq Razılaşmalara nəzər salsaq, 2015-ci ildə imzalanan Paris Sazişi və 1997-ci ildə imzalanan Kioto Protokolunu misal göstərə bilərik. Paris Sazişi 195 ölkə tərəfindən qəbul edilib və qlobal istiləşməni sənaye öncəsi səviyyələrə nisbətən 2°C-dən aşağı, 1.5°C səviyyəsində saxlamaq məqsədi daşıyır. Ölkələr milli müəyyən edilmiş töhfələr (NDCs) təqdim edərək, karbon emissiyalarını azaltma və iqlim dəyişikliyinə uyğunlaşma üzrə tədbirlər həyata keçirirlər.
Paris Sazişindən əvvəl olan Kioto Protokolu, inkişaf etmiş ölkələrə müəyyən karbon emissiya hədəfləri qoymuşdur. Bunlardan əlavə Yenilənə Bilən Enerji Mənbələrinə Keçid, Ağaclandırma və meşə bərpası, karbon ticarəti və karbon vergiləri, texnoloji innovasiyalar, iqlim uyğunlaşma strategiyaları, İctimai maarifləndirmə və təhsil, Beynəlxalq əməkdaşlıq və yardım mövzularında da tədbirlər təşkil olunur. Bu tədbirlər və strategiyalar, iqlim dəyişikliyi ilə mübarizədə dünya səviyyəsində irəliləyişə nail olmaq üçün müxtəlif səviyyələrdə həyata keçirilir və hər bir ölkə öz töhfəsini verməyə çalışır.
Respublikainfo.com “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimlinin Olaylara müsahibəsini təqdim edir:
-Qorxmaz bəy, iqlim dəyişikliyinin yerli və qlobal miqyasda hansı əsas nəticələri müşahidə olunur?
-İqlim dəyişikliyi hər zaman özünü hiss etdirib. Lakin insan oğlu öz fəaliyətinin bu acı nəticəsini heç vaxt diqqətə almayıb. Yaxud daha da acımasız şəkildə təbiətə zərər vurmağa davam edib.
Hazırda iqlim dəyişikliyi havanın hərarətinin yüksəlməsində özünü göstərir. Bunun da nəticəsində yağıntılar azalıb, buzlaqlar əriməyə başlayıb. Şimal qütbündə istiləşmə nəticəsində daimi buzlaqların ərazisi hiss olunacaq şəkildə dəyişilir.
-Bəs, iqlim dəyişikliyi ilə mübarizədə hansı tədbirlər alınmalıdır?
-İqlim dəyişikliyi təbiətdə başlamış demək olar, geri dönüşü olmayan prosesdir. Bu prosesi durdurmaq imkansızdır. Lakin yavaşıtmaq, yaxud özünübərpada təbiətə təbiətə dəstək olmaq mümkündür. Bu isə birinci növbədə şüur, kültür məsələsidir.
Ən əsası isə iqlim dəyişikliyinin əsas səbəbkarları böyük sənayeyə malik dövlətlərdir ki, onlara da heç bir güc təsir etmir. Yalnız çevrəçilər və BMT kimi təşkilatlar təsir edə bilərlər. İqlim dəyişikliyinə böyük dövlətlərin texnologiya dəyişməsi, kasıb dövlətlərə isə maliyə və nanotexnologiyalar dəstəyi ilə nə isə etmək olar.
İstixana qazları azaldılmalıdır ki, atmosferdə karbon qazının miqdarı yüksəlməsin və ya sabitləşsin.
-İqlim dəyişikliyi haqqında məlumatlandırma və maarifləndirmə işləri necə artırıla bilər?
-Əslində iqlim dəyişikliyi haqqında yetəri qədər bilgi axışı var. Bəzən bu və ya digər atmosfer hadisəsi baş verərkən insanların psixi sıxıntıları yaranır. Mən deməzdim ki, maarifləndirmə zəifdir. Lakin yetərli deyil.
-Hər birimiz gündəlik həyatımızda iqlim dəyişikliyi ilə mübarizə üçün hansı dəyişiklikləri edə bilərik?
-İqlim dəyişikliyi ilə mübarizədə biz yalnız çevrəni kirləndirməməklə rol ala bilərik. Başqasının ətrafa atdığı zibilə biganə olmamalı, onu yerdən qaldırmağı bacarmalıyıq. Çevrəni kirləndirən şəxs və təsislərə etiraz etməyi bacarmalı, onlara anlatmağa çalışmalıyıq. Nə yazıq, bunu bacarmırıq.
Mən, şəxsən hər sabah millətimizə Tanrı payı olan Xəzərin sahilindəki çimərlikdə ürək ağrısı ilə insanlarımızın amansızca dənizə və sahilə buraxdığı tullantıları təmizləyərkən təsir etməyə çalışıram. Bütün piknik yerlərimizdə də eyni durumdur. Yorulmadan çalışmalıyıq. İbtidai təhsil proqramımız milli və düzgün hazırlanaraq 3 yaşdan 6-cı sinifə qədər mükəmməl təhsil və mədəniyət verməlidir. Belə olarsa, dəyişərik.
-Sizcə, yaxın gələcəkdə iqlim dəyişikliyi ilə bağlı hansı əsas risklər mövcuddur?
-Yaxın zamanlarda insanlar daha çox su qıtlığı, dünya okeanının səviyəsinin yüksəlməsi, anomal yağıntılar, səhralaşma kimi dəyişiklikləri daha çox görəcəklər.
-Yenilənə bilən enerji mənbələrinin (günəş, külək, hidroenerji) iqlim dəyişikliyi ilə mübarizədə rolu nədir?
-Yenilənəbilən enerji mənbələri atmosferə demək olar, heç bir zərər vermir. Bunların inkişafı sayəsində karbohidrogen tərkibli enerji mənbələrinin təbiətə vurduğu zərər ən azından yavaşlamağa başlayır.
-Ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyəti nədir?
-Ətraf mühitin qorunması, iqlim dəyişikliyinin zəifləməsi yalnız beynəlxalq həmrəylik və birlikdəliklə mümkündür. Bunun üçün BMT-nin 1979-cu ildən başlayaraq ardıcıl iş aparması yavaş-yavaş öz nəticəsini verməkdədir.
-İqlim dəyişikliyi ilə mübarizədə COP29 konfransından gözləntilər nələrdir?
-Hal-hazırda dövlətimiz COP 29 Beynəlxalq tədbirinə ev sahibliyi etməyə hazırlaşır. Paytaxtımızda bunu məmnunluqla müşahidə etməkdəyik. Dövlətimizin belə bir möhtərəm eko tədbiri hazırlaması əlbəttə ciddi şəkildə müsbət təsir edəcək. Qlobal anlamda isə çox ciddi bir dəyişikliyə səbəb olacağına inanmıram. Çünki iqlim dəyişikliyinin əsas səbəbkarları inhisarçı böyük dövlətlərdir.
-Konfransın nəticələri hansı real dəyişikliklərə səbəb ola bilər?
-Hesab edirəm ki, Bakıda keçiriləcək bu qlobal iqlim konfransı əvvəlkilərdən daha çox müsbət təsir göstərəcək. Bildiyiniz kim, COP konfranslarının əsas məqsədi, iqlim dəyişikliyinə diqqət çəkmək, yavaşladılması, durdurulması üçün yollar təklif etməkdir.
Əsas məsələlərdən biri isə inkişaf etmiş ölkələrin kasıb ölkələrə maliyə və nanotexnologiya dəstəyinə nail olmaqdır. Bakı konfransı bu sahədə xüsusi rol oynayacaqdır. Bundan əminəm.
Baş redaktor: Bünyamin Bünyadzadə
Respublikainfo.com