14 iyul 1959-cu il…Türkmən elinin qan ağladığı gün…
İraqda, türkmənlərin paytaxtı olan Kərkükdə türkmən qardaşlarımıza qarşı törədilən insanlığa qarşı misli görünməmiş vəhşiliyin həyata keçirildiyi Kərkük qətliamı təəssüf ki, dünyada tanınmır. Türkmənlər həmin tarixdə yaşlı, cavan, uşaq, qadın fərqi qoyulmadan soyqırıma məruz qaldı.
Günahları sadəcə türk olmaqları idi. İraqda üçüncü böyük xalq olan türkmənlərə qarşı bu qətliam ilk deyildi. 1924, 1939, 1946, 1959, 1980, 1991-ci illərdə onlara qarşı dəhşətli qətliamlar, soyqırımlar törədilmişdi.
1959-cu ilin bugünü başverən qətliam İraqın müstəqilliyinin birinci il dönümünə təsadüf edirdi. Milli geyimlərdə müstəqilliyini qeyd edən əliyalın türkmənlərə dəhşətli divan tutuldu. Yüzlərlə əli silahsız türkmən oradaca yaralandı, öldürüldü. Bu azmış kimi evlərə, dükanlara basqın edildi, hər tərəf dağıdılaraq yandırıldı. 60a yaxın insan diri-diri boş quyulara atıldı, üzəri torpaqlanaraq öldürüldü.
Həyatını İraq ordusuna həsr edən, Kərkükü, Türkmənelini çox sevən türkmən xalqının igid oglu Ata Hayrullah 14 iyul soyqırımı baş verən geçə evində ailəsinə, uşaqlarına türk tarixindən bəhs edirmiş. Elə həmin vaxt kommunistlər onun qapısını döyür. Ata Hayrullahı türkləri topladıqları ölüm meydanına götürürlər. Onu ağaca bağlayıb, diri-diri ətlərini kəsərək – “turançıların, türkçülərin lideri Ata Hayrullahın ətinin kilosu 10 fuluşa (quruş) alan varmı” – deyib, ətlərini ətrafda olan heyvanların qabağına atmağa başlayırlar.
Bütün bu vəhşilikləri icra edənlər o zaman İraqda əsasən kürdlərdən təşkil edilən İraq Kommunist Partiyasının peşəkar silahlı üzvləri idilər. Onlar kürd və ərəb qrupları olmaqla vaxtilə SSRİ tərəfindən Rusiyada yetişdirilmişdilər. Soyqırımda birbaşa iştirak edənlərin böyük əksəriyyəti cinayətkar olduqları halda sərbəst buraxıldılar. Edama məhkum edilənlərin edamını isə heç kim görmədi. Kərkük türkmənlərinin qanına susayan cinayətkarların sərbəst buraxılmasını İraqın türk insanlarına qarşı böyük zərbə idi.
Dünyanın gözü qarşısında baş verən, qəzetlərin manşetinə çevrilən bu qətliama İraq höküməti susurdu. Bir çox yerlərdən təpki gəlsə də, böyük dövlətlər də susmuşdular. 33 il sonra Xocalıda, 35 il sonra Srebrenitsada olanlara susduqları kimi. Türkmənlər kimsəsiz və çarəsiz qalmışdılar. Bu qırğın XX əsr tarixində türklərə qarşı edilən böyük soyqırımlardan biridir.
Məqsəd isə bəlli idi.
Bölgədə türklərin güclənməsindən, gələcəkdə Türkiyə cümhuriyyəti ilə əlaqə qura biləcəklərindən çəkinən SSRİ rəhbərliyi bu qətliamı bir qrup kommunist kürdün əli ilə həyata keçirdi. Necə ki, 150 il öncə eyni məqsədlə erməniləri Azərbaycanın tarixi ərazilərinə köçürmüşdülər. Beləcə, Erməni – türk qarşıdurmasından sonra, bölgədə kürd – türk düşmənçiliyinin də əsası qoyuldu.
İraq türkmənləri Türkmənistan türkmənlərindən fərqlidir. Türkmənelidə insanlar özlərini Azərbaycan türkü sayırlar. Təəssüf ki, tarix boyunca bəxtləri də bizim ki, kimi olub.
Soyqırım unudularsa təkrarlanar. Günahsızlar qətl edilməsin deyə, qadınlara zülm edilməsin deyə, körpələr fəryad etməsin deyə soyqırımı unutmayaq. Unutdurmayaq. Ruhunuz şad olsun, qanı bir canı bir türkmən soydaşlarımız.
Sizləri unutmadıq.
Müəllif: ANAR ƏSƏDLİ
Respublikainfo.com