RESPUBLİKAİNFO.COM MEDİA QRUPUNUN “Vətəndən uzaqda” rubrikasının növbəti qonağı, dəyərli ziyalı Azərbaycan sevdalısı, Azərbaycan milli – mədəniyyətini uzun illərdir ki, Sankt-Peterburq şəhərində ləyaqətlə təmsil edən Xeyransa xanım Mirzəyevadır.
XEYRANSA XANIM MİRZƏYEVANIN Respublikainfo.com Media Qrupuna müsahibəsini sizə təqdim edirik:
Xeyransa xanım! lütfən öz haqqınızda qısa da olsa oxucularımıza məlumat verəsiniz!
Mən Mirzəyeva Xeyransa Abbasmirzə qızı 1957 – ci il 19 noyabr tarixində Bakıda anadan olmuşam. Köhnə “Sovetski” məhəlləsində yaşamışıq. Əslimiz İçərişəhərdəndir. Bütün uşaqlıq illərim birbaşa Bakı şəhəri ilə bağlıdır.
Necə oldu ki, məhz həyatınızı məhz Sankt-Peterburq şəhərində yaşamalı oldunuz?
Bakıda orta məktəbi bitirdikdən sonra o zaman mərhum prezidentimiz Heydər Əliyevin göstərişi ilə orta təbəqəyə mənsub insanların savadlı övladlarını Rusiyanın böyük şəhərlərində təhsil almağa göndərirdilər. Mən də orta məktəbi əla qiymətlərlə bitirmişdim. Sankt-Peterburq şəhərinin adı o zaman Leninqrad idi. Ali təhsil almaq üçün bu şəhəri seçməyim də təsadüfən oldu. Belə ki mən Bakıda Universitetlər haqqında lövhələrə baxırdım. Hansı ali məktəbi seçəcəyim barədə düşünürdüm. Bu zaman bir ortaboylu kişi mənə yaxınlaşıb dedi ki, attestatınıza baxa bilərəmmi? – dedi. Dedim ki, buyurun baxın. Qiymətlərimin əla olduğunu gördükdən sonra mənə bildirdi ki, Leninqrad şəhərində Şərqşünaslıq fakültəsi var. Məndən soruşdu ki, orada təhsil almaq istəyirsinizmi? Açığı bu ixtisas mənə çox maraqlı gəldi. Daha sonra sənədlərimi aidiyyəti üzrə təqdim etdim. İmtahanlarımı da uğurla keçdim. Nəticədə Leninqrad Universitetinə daxil oldum. Bakıda yerləşən indiki Heydər Əliyev Sarayı o zaman Lenin Sarayı adlanırdı. Həmin sarayda Heydər Əliyevin iştirak ilə SSR- nin müxtəlif ölkələrində tələbə olacaq şəxslərlə görüş keçirildi. Daha sonra bizə biletlərimiz təqdim olundu və bizə xoş sözlər deyildi. Bundan sonra isə biz Leninqrad şəhərinə gəldik. Mən Şərqşünaslıq fakültəsinin İran şöbəsində təhsil almağa başladım. Təhsilimi bitirdikdən sonra Bakıya qayıtdım. O zaman Bakıda Elmlər Akademiyasının Şərqşünaslıq bölməsində akademik Ziya Bünyadov direktor idi. Mənim seçdiyim elmi mövzu daha çox tarixlə əlaqəli olduğundan mən Tarix İnstitutuna keçməli oldum. O zamanlar akademik İqrar Əliyev də Tarix İnstitutuna rəhbərlik edirdi. Daha sonra təcrübəçi kimi davam etdim. Daha sonra Dissertasiya təhsili üçün yenidən Leninqrad şəhərinə qayıtmalı oldum. Dissertasiya müdafiəmə az müddət qalmışdı ki, SSRİ hökuməti dağıldı. Mənim ixtisasımla bağlı peşəkar mütəxəssislər çox az idi.
Yəqin gənclik illərindən ictimai fəal olmağa maraqlı olmusunuz. Elədirmi?
Təvazökarlıqdan kənar olmasın. Deyim ki, hələ tələbə olduğum 1975 – 80 ci illərdə biz azərbaycanlı gənclər çox fəal idik. Mən də fəal gənclərdən biri olmuşam. Hətta biz o dövrdə əvvəlcə İran Kafedrasında sonra isə bütünlüklə Universitetin Şərqşünaslıq fakültəsində Novruz bayramını qeyd etməyə başlamışdıq. Çox maraqlı tərbir proqramları hazırlayırdıq.
Məlumdur ki, 1990 – cı illərdə ictimai- siyasi vəziyyət çox mürəkkəb idi. SSRİ tamamilə dağıldıqdan sonra Bakıya gəlməli oldum. Biz hələ 1988 – ci ilə “Azəri” Cəmiyyətini təsis etdik. Çox maraqlıdır ki, illərlə eyni ölkədə yaşayan ziyalılarımız bir- birini tanımırdılar. Onlar məhz bizim vasitəmizlə onların bir – birini tanıma şansları oldu. İndi internet dövrü olduğu üçün əlaqələr qurmaq daha asandır. O zamanlar biz telefon qeydiyyatı kitabçalarından və digər üsullardan istifadə etməklə ziyalılarımızın adresini tapmalı olurduq. Beləliklə biz şəhərin müxtəlif yerlərində yaşayan ziyalılarımızı bir yerə toplayırdıq. Daha sonra Leninqraddakı Mədəniyyət Evində həmin ziyalılarımız Ağsaqqallar Şurası yaratdılar. Biz də öz növbəmizdə Gənclər Təşkilatı idik. Çox yaxşı işlər gördük. 1990 – cı ildə 20 yanvar faciəsinə ilk reaksiya verən təşkilatlardan biri də biz olduq. O günlərdə biz bütün işimizi 20 yanvar hadisələrinə həsr etmişdik. Deyə bilərəm ki, hələ o dövrlərdə belə ermənilər güclü şəkildə təşkilatlanmışdılar. Bizim də “Azəri” Cəmiyyətini yaratmaqda məqsədimiz məhz ermənilərin layiqli cavabını vermək idi. Ermənilər Rusiyada bəzən bir həftədə bir neçə klubu icraya götürüb azərbaycanlılara qarşı rusların içində mənfi təbliğatlar aparırdılar.
Yerigəlmişkən 20 yanvar faciəsi zamanı sizin ictimai fəal olaraq ilk addımınız nə oldu? Və ümumiyyətlə cəmiyyət olaraq hansı tədbirlər gördünüz?
Açığı deyim ki, 20 yanvar hadisələri zamanı biz günlərlə dayanmadan işlədik. Çalışdıq ki, xalqımıza qarşı törədilmiş bu cinayət barədə doğru məlumatlar verək. Deyim ki, növbəti illərdə də biz bütün fəaliyyətimiz boyu çalışdıq ki, xalqımıza qarşı törədilmiş bu cinayəti yaşadığımız şəhərdə mütəmadi olaraq xatırladaq. Və ümumiyyətlə əsas məqsədimiz o idi ki, bu faciə barədə daha çox insanın məlumatı olsun.
1998-ci ildə Leninqradda ilk Azərbaycan konsulluğu yaradılırdı. Qüdsi Osmanov məni konsulluğa işə dəvət etdi. Mən konsulun mədəniyyət işləri üzrə köməkçisi kimi işə başladım. Həmin ildə də 5 nəfərdən ibarət
“Çinar” adlı rəsmi milli – mədəni cəmiyyətin yaratdıq. Sonra ansamblı daha da böyütdük. Biz həmçinin Azərbaycan mədəniyyətini təbliğ edirik. Eyni zamanda da Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında olduğum şəhərdə xarici vətəndaşlara məlumatlar verirdik.
Təsis etdiyiniz “Çinar”milli, mədəni cəmiyyətinin ümumi fəaliyyəti və gələcək planlar haqqında nə deyə bilərsiniz?
Bu gün Sankt-Peterburq şəhərində baxmayaraq ki, xırda- xırda cəmiyyətlər də mövcuddur. İlk növbədə onu qeyd etmək istərdim ki, biznes adamları başa düşməlidirlər ki, insanlarla əlaqə və doğru işləmək lazımdır. Mən tam məsuliyyətlə deyə bilərəm ki, təsisçisi olduğum “Çinar ” milli-mədəni cəmiyyətindən bir qəpik belə qazanc əldə etməmişəm. Mənim ümumiyyətlə bu ictimai fəaliyyətimdən heç bir maddi gözləntim olmayıb.
Bundan başqa onu da vurğulamaq istəyirəm ki, bu illər ərzində Azərbaycan Respublikasının Diaspor Komitəsindən maddi olaraq heç bir dəstək almamışam. İndiyə qədər yalnız və yalnız öz gücümüz hesabına və imkanlarımız daxilində ölkəmizi təmsil etməyə çalışmışıq.
Əminliklə deyə bilərəm ki, “Çinar” ilə biz uzun illərdir ki, Azərbaycan mədəniyyətini layiqli şəkildə təbliğ etmişik. Repertuarımız hər zaman zəngin olub. Ümumiyyətlə repertuarımızda 30- dan çox rəqs nümunəsi var. Hazırda ansamblımız üçün ayrıca yer lazımdır. Bununla belə çox çətinliklərlərimiz olsa da işimizə davam edirik. Deyə bilərəm ki, “Çinar” – ın fəaliyyəti Rusiyada yüksək qiymətləndirilir. Hələ pandemiyadan əvvəlki illərdə də bir çox xarici ölkələrdə müxtəlif tədbirlər həyata keçirdik.
Dövlətdən və yaxud diaspor təşkilatlarından hər hansısa maddi dəstək almısınızmı?
Qeyd etmək istərdim ki, sözün məcazi mənasında təsisçisi olduğum “Çinar” milli – mədəni cəmiyyəti mənim mənəvi “övladım”-dır. Təbii ki, planlarımız çoxdur. Sadəcə ilk növbədə istəyirəm ki, bizim “Çinar”milli – mədəni cəmiyyətinin öz şəxsi binası və ya ofisi olsun. Bu istiqamətdə açığı bizə diasporumuz tərəfindən heç bir dəstək göstərilməyib. Yəqin ki, bu reportajdan sonra bizim fəaliyyətimiz haqqında məlumatı olmayan şəxslər də yetərincə informasiya əldə edəcəklər.
Əslində yaxşı olardı ki, Azərbaycan diasporu dövlət səviyyəsində bizim fəaliyyətimizə xüsusi maraqlansın. Çünki bizim bu sahədə illərdir ki, bir çox uğurlarımız olub. Həmçinin bu sahəfə kifayət qədər geniş təcrübəmiz var.
Biz hər zaman öz ictimai fəaliyyətimizdə Azərbaycan ziyalılarının Sankt-Peterburq şəhərinin inkişafındakı rolunu diqqətə çatdırmağa çalışmışıq. Hesab edirəm ki, hər bir diaspor təşkilatı üçün ən əsas məqsəd bu olmalıdır. Bütünlüklə fəaliyyətimiz dövründə ölkəmizi və milli mədəniyyətimizi layiqli şəkildə təmsil etdiyimiz kimi bundan sonra da maksimum dərəcədə çalışacağıq ki, Azərbaycanı layiqli formada təmsil edək.
Xeyransa xanım! Maraqlı müsahibəyə görə sizə təşəkkür edirəm. Həmçinin doğma Vətəndən uzaqda bu şərəfli işinizdə sizə və komandanıza uğurlar arzulayıram.
ÜMİDVARIQ Kİ, BU MÜSAHİBƏ AZƏRBAYCAN CƏMİYYƏTİNDƏ BÖYÜK MARAQLA QARŞILANACAQ. VƏ SİZİN UZUN İLLƏR ƏRZİNDƏKİ BU FƏALİYYƏTİNİZ DÖVLƏT SƏVİYYƏSİNDƏ LAYİQİNCƏ QİYMƏTLƏNDİRİLƏCƏK…
Mən sizə təşəkkür edirəm. Mətbuat olaraq bizim fəaliyyətimizə diqqət ayırdığınız üçün, sağ olun.
Söhbətləşdi:
Respublikainfo.com Media Qrupun
Baş redaktoru: Bünyamin Bünyadzadə