Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparması barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Məlumatda xüsusi olaraq vurğulanır ki, hər iki lider Türkiyə ilə Ermənistan arasında münasibətlərin ilkin şərt olmadan tam şəkildə normallaşdırmaq üçün siyasi iradənin mövcudluğunu təstiqləyiblər.
Alqışlanası məsələdir. 2021- ci ildən mütəmadi olaraq bütün media çıxışlarımda xüsusi olaraq vurğulamışam və eyni zamanda izahatını vermişəm ki, Türkiyə niyə Ermənistanla münasibətləri fərqli müstəviyə daşımalı, sərhədlərini açmalı və işgüzar münasibətlərdə olmalıdır?
Bundan Azərbaycanın qazancı nədir?
Bu haqda televiziyalarda olan danışığımızdan birnin videosunu və yazılarımızdan birini təkrarən diqqətinizə çatdırıram. Əslində səbəbləri çox olsa da, mən bir neçəsini daha sadə formada, çox qısa şəkildə izah etməyə çalışacam baxmayaraq ki, bu çox uzun mövzudur.
Qərb dünyasının beynəlxalq qurumları Qarabağ müharibəsindən sonra Azərbaycan ilə Ermənistan arasında sülhün bərqərar olmasını istəyir. Hər iki ölkənin sülh və əmin-amanlıq içində yaşayaraq, qısa zamanda əməkdaşlığa da başlaya biləcəklərini daim vurğulayırlar.
Bu, Qərbə lazımdır.
Çünki, Rusiyanın bölgədə olan hegemoniyasına son vermək üçün Qafqaz ölkələri sülh və barış içində olmalıdırlar. Bununla da, 200 illik xalqları bir-birinə düşmən edib, soyqırımlar törədib “parçala və hökm sür” idarəetmə siyasətinə son qoyulacaq.
Hə bu arada biz başa düşürük ki, Qərb üçün sülh elə Qərb üçündür.
Lakin elə Qərbin marağında olduğu bu sülh Azərbaycan hakimiyətinində addımbaşı vurğuladığı yeni geosiyasi reallıq deyilmi?
Rusiyanın maraqlarında heç bir zaman sülh yoxdur və olmayacaqda ancaq və ancaq onun mənafeyinə xidmət edən “sülh”-dən söhbət gedə bilər. Qərbin maraqları isə bu gün bizim mənafeyimizə xidmət edən sülhə mane olmur və bizdə bundan faydalanmalıyıq.
Nədir bu maraqlar?
Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətlərini normallaşdırmaq, sülh müqaviləsinin bağlanması, Cənubi Qafqazın çoxdan ehtiyac duyduğu davamlı sülhə, təhlükəsizliyə, sabitliyə qovuşması, regional iqtisadi layihələrin artıq hər üç Cənubi Qafqaz ölkəsini və Türkiyəni əhatə edəcək formatda işə salınması və bu mənada bütün nəqliyyat-kommunikasiya xətlərinin açılması.
Mövcud siyasi gedişat göstərir ki, hazırda Qərblə Rusiya düşmən olublar və bu düşmənçilik fonunda Qərb Rusiyanı hər yerdə olduğu kimi, Cənubi Qafqazdan da çıxarmaq məqsədilə Azərbaycan və Türkiyənin 2020-ci ildən bəri yaratdığı reallıqdan istifadə etmək istəyir. Özü də ən etibarlı müttəfiqi olan Türkiyə ilə. Qərbin bu prosesdə müəyyənedici faktor olmasının digər bir vacib əhəmiyyətidə ondan ibarətdir ki, qoynunda bəslədiyi erməni diasporasının da əlini-qolunu bağlayıb qıfılını taxır. Erdoğan boşuna demir ki, ilkin şərt olmadan görüşlərə başlaya bilərik. Situasiyanı doğru dəyərləndirir.
Digər bir tərəfdən məsləyə tərs köşədən baxsaq əgər 4 ildir sülh müqaviləsi bağlana bilmirsə, Rusiya bu sülh prosesinə hər yolla mane olursa, Ermənistanın qısa zamanda gücünü toplayaraq revanş almaq istəyinə düşməyəcəyinə kim və ya nə zəmanət verə bilər? Heç bir qarantiya yoxdur. Bu qarantiyanı təmin etmənin yolları haqqında təhlillər yenə diqqəti Türkiyənin üzərinə aparır.
“Niyə mane olur?” – sualına isə onlarla cavab var. Əsas aspekt isə geosiyasidir. Biz Qarabağ deyəndə, Cənubi Qafqazı nəzərdə tuturuq, Cənubi Qafqaz deyəndə Böyük Yaxın Şərqi nəzərdə tuturuq, Böyük Yaxın Şərq deyəndə nə az, nə çox, bütün dünyanı nəzərdə tuturuq. Bu mənada, Qarabağda tərəflərdən birinin qələbəsi mümkün görünsə də, tərəflərdən birinin digərini tamamilə məhv etməsi dünyanın planlarına uyğun görünmür. Dünya gücləri Qafqazda güc balansının təktərəfli formada qurulmasına razılıq verməyəcəklər.
Rusiya isə burada təkbaşına olmaq istəyir. Bir an olsun bölgəni boş buraxmır. Hətta Gürcüstan və Ermənistanla gərgin münasibətlər fonunda Azərbaycanla müttəfiqliyi lazımi səviyyədə sürdürə bilməsi bölgədə dirəniş gücünün az da olsa qaldığını göstərir.
Son illərdə dəfələrlə və hətta ən son dünən ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi Bakı və İrəvan arasında sülh gündəliyinin irəlilədilməsi yönündə müzakirələr aparması və bir an öncə sülh sazişinin imzalanmasının vacibliyini vurğulaması sadəcə iki xalqın xoşbəxt yaşaması üçün deyil. Bunu istəsəydilər 30 il öncə bu münaqişənin yaranmasına mane olardılar.
Ancaq indi təkrarçılıq olmasın geosiyasi reallıqlar dəyişdi.
Amerikanın 1991-ci ildən SSRİ dağıldıqdan sonra xüsusi Cənubi Qafqaz siyasəti mövcuddur. Bu gün bu siyasətin əsas prioritetlərini həyata keçirmək üçün münbit şərait yaranıb. Nədir bu prioritetlər?
1. Cənubi Qafqazın İranla sərhəddə olması. Sanksiyalar məngənəsində boğulan İranın həm iqtisadi, həm nəqliyyat-kommunikasiya, həm də nüvə materiallarının daşınması baxımından tək yolu Cənubi Qafqazdan keçir. Bu baxımdan həmin yola nəzarət ABŞ üçün önəmlidir.
2. ABŞ əsgərləri. Əfqanıstandan ayrıldıqdan sonra amerikan hərbçiləri yenidən Orta Asiya və Yaxın Şərqdə hərbi baza yerləşdirmək üçün variantlar axtarır. Qiymətləndirilən variantlar Orta Asiya və Fars körfəzi ölkələridir. Bu bölgələrdən istifadənin tək yolu isə Cənubi Qafqazdır.
3. Pentaqon Əfqanıstandan çıxarkən hərbi yüklərin daşınması üçün Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan – Türkiyə tranzit xəttinə üstünlük verdiyini bəyan etdi. Çünki Rusiya və Çinin öz sərhədləri yaxınlığında strateji rəqiblərinin hərbi baza yaratmasına hər vəchlə əngəl törətməyə çalışacaqları gün kimi aydındır.
4. Cənubi Qafqaz Avropanın enerji təchizatında mühüm rol oynayır. Bu region həm enerji mənbəyidir, həm də Orta Asiyadan enerji dəhlizidir.
5. Son onillikdə rəsmi Pekin Avropaya nəqliyyat yolları çəkir. Bu yollardan biri Qazaxıstandan – Xəzər dənizindən Azərbaycana, Gürcüstan, Türkiyə və nəticədə Avropaya uzanır. Azərbaycanla materik hissəsi olan Naxçıvan arasında Zəngəzur ərazisindən keçən dəhliz rəsmi Pekinə Cənubi Qafqazdan Avropaya daha bir marşrut da əlavə edəcək, bundan əlavə Gürcüstan ərazisindən keçəcək. Nəzərə alsaq ki, bu ilin mart ayının əvvəllərində ABŞ milli təhlükəsizliyə dair hesabat hazırlayarkən, Çin yeganə rəqib adlandırılır, bu qovşağın alternativ şəbəkələrlə əvəz edilməsinin rəsmi Vaşinqtonun prioritetləri sırasında olduğunu deyə bilərik.
Sadalananlar göstərir ki, ABŞ onun üçün Çinlə soyuq savaşda həyati əhəmiyyət kəsb edən Cənubi Qafqazda Rusiyanın hegemonluğunu artıq bitirməyə maraqlıdır. Türkiyə NATO-da ABŞ-ın əsas müttəfiqi olduğu üçün və elə NATO-nun Şərq sərhədlərinin təhlükəsizliyini təmin etdiyi üçün məhz Türkiyənin Rusiyanı bölgədən sakit şəkildə uzaqlaşdıra bilməsi üçün Ermənistanı öz təsir dairəsinə salmasını maraqları baxımından məqbul hesab edir.
Bax bu sadaladığım və sadalamadığım bir çox bir çox böyük güclərin Cənubi Qafqaz siyasətinə görə Türkiyənin bölgədə olması Cənubi Qafqaz üçün nəfəs kimi vacibdir.
Həm Rusiyanın, həm digər, məsələn İranın təhlükəli Qafqaz planlarını həyata keçirmələrinin qarşısını ala biləcək tək təminatçı Türkiyədir.
Cənubi Qafqaz ölkələrinin qonşusu olan, yeni super gücə çevrilən bu dövlətin qonşuları ilə münasibəti yaxşı qurulmalıdır ki, bölgədə söz sahibi ola bilsin. Söhbət sadəcə Türkiyənin söz sahibi olması ilə bitmir, söhbət gələcəkdə Avropa İttifaqına bənzər siyasi iqtisadi birliyin qurulmasına qədər gedə biləcək uğurlu bir layihədən gedir. Bu ittifaqın qurulmasında bütün region ölkələri maraqlıdır. Heç sirr deyil ki, region ölkələri iqtisadi cəhətdən inkişaf etməyə ehtiyac duyurlar. Regionun əlverişli geosiyasi coğrafiyada yerləşməsi bunun üçün hər cür şərait yaradır. Bir tək İpək Yolu layihəsi region ölkələrini uzun müddətli iqtisadi inkişafına yol aça bilər. Bunun üçünsə ilkin olaraq sülhün təmin edilməsidir. Ayrı ayrılıqda da gəlirli sahələri olan Neft və digər maddi sərvətlərin emalı və satışı, turizmin inkişafı yalnız sülh,barış və demokratiyanın gətirdiyi sabit və əmin bölgələrdə çiçəklənə bilər.
Qısacası savaşdan sonra yaranan yeni siyasi reallığın tablosu yuxarıda sadaladığım bütün faktorlara görə sülhün təminatçısı rolunda Türkiyəni göstərir.
Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan münasibətlərinin yeni mərhələyə girməsi Türkiyənin fəallığından və təşəbbüskarlığından çox asılıdır.
Tam ətraflı şəkildə Anar Əsədlinin Facebook səhifəsindəki bu linkdən izləyə bilərsiniz:
https://www.facebook.com/share/v/Z9yi777WPZDxNUWf/?mibextid=I8mCmY
MÜƏLLİF: ANAR ƏSƏDLİ
Baş redaktor: Bünyamin Bünyadzadə
Respublikainfo.com