“COP29” (Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı) kifayət qədər ciddi bir tədbirdir və Azərbaycanda keçirilməsi dövlətimizin beynəlxalq miqyasda imicinə müsbət təsir etməklə yanaşı, dünya işlərində rolunu əməlli-başlı qabardır. Belə bir mötəbər tədbirin miqyasca balaca bir ölkə olan Azərbaycanda keçirilməsini yalnız təqdir etmək olar.
Lakin biz bilirik ki, dövlətlərin dünya işlərində əhəmiyyəti onun sərhədlərinin kiçik bir ərazini əhatə etməsi ilə müəyyənləşmir. Bu günə qədər hələ eşitməmişəm ki, kimsə İsrailin kiçik bir dövlət olduğunu dilinə gətirsin. Halbuki ərazisi Azərbaycanın vur-tut dörd rayonu qədərdir.
Dünyanın 200-ə yaxın ölkəsindən rəsmi və qeyri-rəsmi dövlət adamlarının, qeyri-hökumət təşkilatları nümayəndələrinin, bir çox fərqli sahələri əhatə edən korporasiyaların, maliyyə mərkəzlərinin, beyin mərkəzlərinin nüfuzlu şəxslərinin eyni anda Bakıda səfərdə olması istər-istəməz Respublikamız üçün əlamətdar hadisədir.
Yaşıl Eranın yeni konturlarının məhz paytaxtımızda cızılması, gələcək qlobal əhəmiyyətli gündəliyin, plan-proqramların məhz Bakıda tutulması adi olay deyil. Bunun içindən hər kəs özü üçün müxtəlif nəticələr çıxara bilər, istər geosiyasi, istər geoiqtisadi, istər regional, istərsə də ekoloji və humanitar böhranların həlli məsələləri üzrə.
Bəli, bu ilin noyabr ayı bütün dünyanın nəbzi məhz paytaxt Bakıda vuracaq.
Lakin işin ən pis tərəfi budur ki, belə tədbirlərlə beynəlxalq imicinə müsbət çalarlar qatan Azərbaycan dövləti hələ də insan hüquq və azadlıqlarının pozulmasına, siyasi məhbusların azalmaq yerinə artmasına, azad medianın boğulmasına, bütün qlobal platformalarda gur səslə elan etdiyi demokratiyanın olmamasına görə qınanan respublikalar sırasındadır.
İnternetin azadlığı ölkədə demokratiyanın olması üçün yeganə meyar ola bilməz, Əfəndim! Nə bizi aldadın, nə özünüzü, nə də özgələrini.
Dünya ilə çoxşaxəli iqtisadi əlaqələri inkişaf etdirib, xüsusilə neft-qaz satışını ayrıca üstünlük kimi əldə bayraq edib yuxarıda xatırlatdığımız məsələlər üzərindən “daxili işlərimizdir, özümüz bilərik kimi tuturuq, kimi asırıq, kimsə işimizə qarışmasın” inadkarlığı və cığallığı beynəlxalq siyasətdə yaxşı qəbul olunmur.
Baxın, o yekəlikdəki Rusiya qoca Avropanı illik 200 milyard kubmetr qaz (başqa təbii resurslar da həmçinin) satması ilə şantaj edirdi, sərsəmcə “krantı bağlayaram, soyuqdan donduraram” deyirdi, indi düşdüyü aqibəti görürsünüz. Avropa nə qazsız qaldı, nə də qışda soyuqdan dondu. Qərbin hər zaman alternativləri var. Bu mənada, əməkdaşlıq içində olduğumuz güc mərkəzlərinin səbrini sınağa çəkmək rasional yol deyil. “Gözü çıxmış qardaş”ın aqibətindən nəticə çıxarmaq olar.
Nəzərə alaq ki, strateji müttəfiqlik münasibətində olduğumuz, Qarabağın azad olunmasında ölkəmizə hər cür dəstək verən qardaş Türkiyə də bir NATO ölkəsidir, xarici siyasətini Avroatlantik məkana bağlamış bir türk dövlətidir. Ən son xarici işlər naziri Hakan Fidan açıq mətnlə bildirmişdi ki, Avropa Birliyinə üzvlük məsələsində Türkiyənin perspektivi dəyişməyib, strateji niyyəti və vizyonu eyni qalıb, bu məsələnin həllində siyasi iradə Avropanın kilid ölkələrinə aiddir.
“COP29″u ölkəmizə gətirməklə dünya işlərində xüsusi istək, özəl təşəbbüs və əlahiddə səriştə ortaya qoyan Azərbaycan dövlətini idarə edən şəxslər məntiqlə onun imicini korlayan sovetdənqalma “NKVD” stereotiplərindən imtina etməlidir. Siyasətlə məşğul olan insanların təqib olunmasına son qoyulmalıdır. Sağlam tənqidə dözümün olduğu, siyasi rəqabətin oturuşduğu mühitə hava-su qədər ehtiyacı var Azərbaycanın.
Mən, ictimai-siyasi cəhətdən aktiv olan bir vətəndaş, bir siyasətçi kimi ölkə prezidenti İlham Əliyevə müraciət edirəm ki, istisnasız və qeyd-şərtsiz siyasi məhbus olan hər kəsi azadlığa buraxsın. Buna çox ehtiyac var. Daxili siyasətdə qarşılıqlı kin, nifrət, şiddət və düşmənçilik dövlətimizə ziyandan başqa heç nə qazandırmır. Ümumiyyətlə, siyasi məhbuslar üzərindən qlobal güc mərkəzləri ilə “siyasi alver” təcrübələrinə son qoymağın vaxtı çatıb.
Qlobal miqyasda dünya işlərinə qoşulan bir ölkədə hüquq, ədalət, universal insan haqları ilə bağlı problemlər olmamalıdır. Bu, ona görə olmamalıdır ki, Qərbin və Şərqin mərkəzində geosiyasi və geoiqtisadi planda çox əlverişli mövqedə yerləşən Azərbaycanın artan nüfuzundan narahatlıq keçirib təzyiqlər edən və ya bunu planlaşdıran bəzi siyasi dairələrin əlinə ucuz vasitələr verməyək.
Dünya mediasında, qlobal ictimai rəydə Azərbaycanın yalnız öz müsbət işləri ilə gündəmə gəlməsi, əhəmiyyətini qabartması üçün demokratik açılımlara getmək, fundamental dəyişiklik iradəsi nümayiş etdirmək zərurəti yaranıb.
Bununla da cəmiyyətə aydın mesajlar vermiş olacağıq: göstərəcəyik ki, Azərbaycan dövlət olaraq hər mənada dəyişən dünyamızda yenilənmələrə getməkdən çəkinmir, üstəlik bu prosesdə xalqın və cəmiyyətin real dəstəyinə arxalanır.
Dövlətin inzibati resurslarını gen-bol səfərbər edib daxildə guya “siyasi dialoq masası” qurub, üfüqdə real nəticələri görünməyən, daha çox siyasi dekorasiya görüntüsü ilə gerçək (siyasi dekorasiya olanlar da çoxdur) siyasi qüvvələri, siyasət adamlarını oyundan kənar vəziyyətdə qoymaq, heç bir halda, çıxış yolu deyil.
Ərazi bütövlüyü, suverenlik problemi qalmayan müstəqil Azərbaycana indi süni “milli birlikdəlikdən çox, dövlətçilik ənənələrinə və respublikaçı prinsiplərə söykənən normal, mütərəqqi, bərabərhüquqlu siyasi mühit lazımdır. Belə bir siyasi mühit fonunda keçiriləcək azad və ədalətli seçkilər bütün siyasi qüvvələrin, siyasi liderliyə can atan siyasətçilərin real gücünü onsuz da ortaya çıxaracaq. Dəryada sular durulacaq. Ölkədə siyasi hakimiyyətlərin sivil yollarla dəyişdirilə bilməsi ənənəsi yaranmalıdır.
Nəzərə alsaq ki, qarşıdan həm də Parlament seçkiləri, ardınca bələdiyyə seçkiləri gəlir, dövlətçiliyin əsası olan respublikaçı prinsiplərin kök atması baxımından “COP29″a siyasi məhbuslarsız, demokratiyaya can atan ölkə kimi getməliyik.
Suveren sərhədlərinə çıxmış, ərazi bütövlüyünü tam şəkildə təmin etmiş Azərbaycan Respublikasının yerdə qalan köklü problemlərini həll etməsi üçün, müstəqil məhkəmə sisteminə, azad və ədalətli seçki nəticəsində formalaşan çoxpartiyalı müstəqil parlamentə, insan faktorunun ön plana çıxarıldığı, şəffaflığın və hesabatlılığın qırmızı xətt olduğu yeni dövlət idarəetmə konfiqurasiyasına, universal insan haqlarının tam şəkildə gözlənildiyi hüquq sisteminə, sosial rifahı təmin edəcək rəqabətli bazar iqtisadiyyatının tam mahiyyətilə işlədiyi sistemə böyük ehtiyacı var.
Uzun sözün qısası, “ən yuxarı başda oturan” adamların siyasi iradə ortaya qoyması yetər ki, bütün bunlara mərhələli şəkildə nail olaq…
MÜƏLLİF: MİRZƏ RƏŞAD ORBEY
Respublikainfo.com