Respublikainfo.com Media Qrupun “Musiqi saatı” rubrikasının növbəti qonağı, Bülbül adına orta ixtisas musiqi məktəbinin və Bakı Musiqi Akademiyasının məzunu Tamira Şahbazlıdır…
Tamira xanım! Əvvəlcə istərdim ki, oxucularımıza, özünüz haqqında qısa da
olsa məlumat verəsiniz! Tamira Şahbazlı kimdir?
Mən Tamira Şahbazlı Bülbül adına orta ixtisas musiqi məktəbinin məzunu eyni zamanda da Bakı Musiqi Akademiyasının bakalavr pilləsinin mezunu olmuşam. Onu da qeyd edim ki, mən həm də Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində magistr pilləsi üzrə təhsil almışam.
Musiqiyə, ümumiyyətlə fortepianoya olan sevginiz nə zaman yaranıb?
Bildirmək istəyirəm ki, musiqiçi ailəsində doğulduğum üçün mütəmadi olaraq musiqi əhatəsində olmuşam. Deyə bilərəm ki, musiqi bizim ailəmizin gündəlik həyatının tərkib hissəsi olub.
Həyatınızı musiqisiz təsəvvür edirsinizmi? Sizin üçün musiqi nə deməkdir?
Əlbəttə ki, həyatımı musiqisiz ümumiyyətlə təsəvvür etmirəm. Musiqi mənim yaşamımdır. Musiqi mənim ən xoşbəxt və ən kədərli anlarımda sanki mənim daimi yoldaşım və könül sirdaşım olub. Musiqiyə by dərəcədə bağlılığım olduğum bütün mühitlərdə və həyatımın hər anında belədir.
Siz musiqi müəllimi olaraq pedaqoji fəaliyyətlə məşğul olursunuz. Fikrinizcə şagirdlərinizin sevgisini qazana bilmisinizmi?
Bildirmək istəyirəm ki, pedaqoji fəaliyyətim ümumiyyətlə 2 ildir. Amma hesab edirəm ki, pedaqoji fəaliyyətim dövründə
həm iş kollektivinin həm də şagirdlərimin sevgisini qazana bilmişəm.
Tamira Şahbazlının sevdiyi bəstəkar və əsərlərini daha çox dinlədiyi bəstəkar kimdir?
Mənim ən sevdiyim bəstəkarlar Fikret Əmirov və Serqey Raxmaninovdur. Düşünürəm ki, yaxşı musiqiçi olmaq üçün bütün bəstəkarların yaradıcılığına mütləq şəkildə bələd olmaq lazımdır. Hesab edirəm ki, bütün bəstəkarların musiqi yaradıcılığı bir – bir ilə obrazlı desəm, sanki zəncirvari formada bağlıdır. Hansı bəstəkarın əsərlərindən xəbərdar olmadıqda ifalarda bosluqlar yaranan bilir.
Bu gün təəssüflər olsun ki, cəmiyyətin əksər hissəsi keyfiyyətli musiqilər əvəzinə adətən bayağı musiqilər dinləyir. Sizə görə bunun başlıca səbəbi nədir?
Mənim fikrimcə bu başlıca olaraq məhz ailədən gələn problemdir. Bildiyiniz kimi mən hazırda musiqi məktəbində müəllim olaraq pedaqoji fəaliyyət göstərirəm. Təbii ki, mən bəzi şagirdlərimin ailələrində bayağı musiqilərin dinlənildiyindən də xəbərdaram. Maraqlıdır ki, həmin valideynlər övladlarını musiqi məktəbinə ona görə gətirirlər ki, onların övladları İ.S.Baxın, Motsartın, Bethovenin, Üzeyir Hacıbəyovun və digər bəstəkarların əsərlərini öyrənsinlər. Amma alınmır. Çünki uşaq evdə bayağı musiqilərlə böyüdüyü üçün musiqi məktəbində müəllimin dediklərini lazımi səviyyədə hiss etmir. Ciddi yanlışlıqlardan biri də odur ki, bəzi insanlar musiqi sənətinə peşə sənəti kimi baxırlar. Dəfələrlə şahidi olmuşam ki, bəzən valideynler deyir ki, “uşaqdı,məktəbdə oxumur, aparın musiqi məktəbinə heç olmasa peşəsi olsun”… Bu yanaşma çox yanlış yanaşmadır. Valideynler əvvəlcə onu anlamalıdırlar ki, musiqi peşə yox elmdir.
Musiqi həmçinin dərin və fəlsəfi elm hesab olunur. Öz tarixini, ədəbiyyatını, dilini, və coğrafiyasını bilməyən şagird heç vaxt yaxşı vətənpərvər musiqiçi ola bilməz. Ona görə də bayağılıq, dayazlıq daha asan olduğu üçün adətən insanların çoxu o istiqamətə yönəlirlər. Çox əfsuslar olsun ki, bu belədir.
Bir professional musiqi adamı olaraq cəmiyyətə, xüsusilə də gələcəkdə musiqi ilə məşğul olmaq istəyən gənclərə nə kimi tövsiyələriniz var ?
Bu tövsiyə təkcə gənclərə deyil, həm də valideynlərədir. Professional musiqici olmaq üçün valideyn, şagird və müəllim arasında vəhdət olmalıdır. Eyni zamanda da bu yolda böyük əziyyət, əzm və ən əsası musiqiçi olmaq üçün xüsusi istək lazımdır.
Bu yolun uzun və çətin yol olduğunu gizlətmirəm. Bütövlükdə çəkilən zəhmətlərin sonunda səhnədə olarkən və tamaşaçıların alqışlarını eşidərkən necə çətin yol gəldiyin bir daha fərqində olursan. Həmçinin də çəkdiyin əziyyətinlə və əldə etdiyin uğurlarınla fəxr edirsən…
TAMİRA ŞAHBAZLININ İFASINDA RESPUBLİKAİNFO TV – nin YouTube KANALINDA yayımlanan bir neçə videonu sizə təqdim edirik:
Söhbətləşdi: Respublikainfo.com
Media Qrupun baş redaktoru
Bünyamin Bünyadzadə