Respublikainfo.com Media Qrupu DƏYƏRLİ SİYASƏT ADAMl MİRZƏ RƏŞAD ORBEYİN YAZISINI TƏQDİM EDİR:
27-28 APRELİ UNUTDURMAQ İSTƏYƏNLƏR…
…VƏ YAXUD SİYASİ MÜBARİZƏ RİNQİNDƏ, SADƏCƏ, BİRİNCİ RAUND BİTİB…
Ötən ilin payızına qədər başqan müavini olduğum Azərbaycan Yüksəliş Partiyası (AY Partiya)-nın son dörd il ərzindəki fəaliyyətini bir daha səhifələmək qərarına gəldim.
Əslində, zaman-zaman geriyə boylanmaq fayda verir. Nələr etmişik, nələr yazmışıq, nələrə münasibət bildirmişik, hansı mövqeni sərgiləmişik – bütün bunlar siyasi fəaliyyətimizi təhlil etmək və növbəti mərhələlər üçün doğru nəticələr çıxarmaq baxımından işimizə yarayır.
Xüsusilə, bunu 27 apreldə etməyimin ciddi səbəbləri var. Siz də bilirsiz ki, 27-28 aprel tarixi Azərbaycan Cümhuriyyətinin rus-bolşevik ordusu tərəfindən işğalı tarixidir. Bütün mənalarda Azərbaycanımızı, başı olmazın müsibətlər çəkmiş xalqımızı yüz il geri atan bir tarixdən bəhs edirik.
İndi baxıram ki, AY Partiya son dörd ildə sırf bu tarixdə baş vermiş siyasi hadisələrlə bağlı hərtərəfli diskussiyalarla, fikir dartışmaları ilə müşayiət olunan dəyirmi masalar, konfranslar təşkil edib. Bu tədbirlər elmi-nəzəri tutumu ilə yanaşı, həm də tarixi yaddaşı təzələmək və siyasi-ideoloji planda mövqe ortaya qoymaq baxımından da əhəmiyyətli olub.
Diskussiyalarda iştirak edən Azərbaycanın sayseçmə tarixçiləri, elm adamları, millət vəkilləri, aydınları, siyasətçiləri, jurnalistləri 27-28 aprel işğalını, onun nəticələrini birmənalı olaraq, Azərbaycan dövlətçiliyi tarixinin ən qanlı səhifəsi kimi qiymətləndiriblər.
Xüsusi olaraq qeyd edim ki, Azərbaycan Yüksəliş Partiyasının imperialist qonşu Rusiyanın (Çar Rusiyası və Sovet Rusiyası) son 200 il ərzində Azərbaycan xalqının başına gətirdiyi faciələrlə bağlı dəyirmi masaları, konfransları, orada müzakirəyə çıxarılan mövzular, hələ də aktuallığını itirməyən təhdid nöqtələrinin müzakirəsi mütəmadi xarakter alıb.
Elə buna görə də Azərbaycan Yüksəliş Partiyasına münasibət birmənalı olmayıb və siyasi sistemdə Kremlə yaxınlığı şübhə doğurmayan bir sıra qruplar tərəfindən çirkin kampaniyalara məruz qalmağımız təbii idi.
Aşağıda paylaşdığım fotolar arasında elə həmin tədbirlərə aid xeyli şəkil var.
Aranızdan kimsə sual verə bilər ki, yaxşı, nə baş verdi ki, mən bunu birdən-birə xatırlamaq məcburiyyətində qalmışam.
Baxın, ölkədə 50-dən çox partiya var. Hamısı siyasətlə məşğul olduğunu iddia edir. Bu partiyalar arasında siyasi-ideoloji xəttinin sırf milli dövlətçiliyə söykəndiyini iddia edən xeyli sayda təşkilat da var. Bizə maraqlıdır ki, bu partiyalar Konstitusiya ilə hüquqi-siyasi varisi olduğumuz Azərbaycan Cümhuriyyətinin tarixində ən qanlı səhifələrdən biri olan rus-bolşevik işğalı (27-28 aprel 1920) barədə niyə mövqe ortaya qoymurlar?
Milli dövlətimiz işğal olunub, qurduğumuz Respublika başımıza uçurulub, on minlərlə əsgər, zabit şəhid olub, yüz minlərlə dinc əhaliyə divan tutulub və məlum olur ki, bu gün müstəqil Azərbaycanda fəaliyyət göstərən siyasi təşkilatlar arasında bu qanlı hadisələrə siyasi qiymət verən yoxdur.
Bu partiyalar niyə 27-28 aprel tarixi ilə bağlı son 4 ildə bir dəfə də olsun tədbir, konfrans, dəyirmi masa keçirmədi? Nədən, kimdən qorxursunuz?
Müsavatın 28 may 1918-ci ildə yoxdan var elədiyi Azərbaycan Demokratik Respublikasını başımıza uçuran rus-bolşevik ordusunun 27 apreldə ölkəyə soxulmasını pisləyən, bunu qınayan, gənc nəsillər bir şeylər öyrənsinlər deyə bunu xatırladan bir bəyanat, yazı, mövqe vermək, hətta bununla bağlı tədbir keçirmək MÜSAVAT PARTİYASI üçün bu qədər mürəkkəb məsələdir?
Düşünün ki, Məmməd Əmin Rəsulzadə və silahdaşları əbədi yatdıqları qəbirdən qalxıb, üzünüzə tüpürməzmi? Siyasi varis kimi bu nə partiya fəaliyyətidir, bu nə siyasi duruşdur heç sormazmı?
Axı bu işi Azərbaycan Yüksəliş Partiyasından öncə Müsavat Partiyası etməlidir. Axı bu işi milli olduğunu iddia edən, milli məsələləri gündəmdə tutan hər bir kəs görməlidir. Niyə sözügedən partiyanın və ya eyni təmayüldə olan partiyaların siyasi elitasında təmsil olunan şəxslər ən azı özlərinə məxsus sosial media səhifələrində bu hadisələr barədə yazmırlar, fikir bildirmirlər, mövqe ortaya qoymurlar? Niyə?
Bu 50-dən çox partiya nə ilə məşğuldur bəs?
“Milli” sözü dillərindən düşməyən, milli dövlətçiliyə tutunan siyasi-ideoloji xəttə guya sadiq olduğunu nümayiş etdirən başqa partiyalar olsun lap, niyə səsiniz çıxmır? Kreml mane olur sizə də?
Azərbaycanın öz tarixində milli dövlətçiliyə, milli dövlətə ən böyük, ən sarsıdıcı zərbənin endirildiyi 27-28 aprel bolşevik işğalından daha qara günmü var?
Söz düşəndə, ortalığa atılıb ölkənin ana müxalifət partiyası (yoxbir ata müxalifət) olmasına iddia edirsiz, özünüzdən başqa heç bir siyasi təşkilatı, siyasi lideri ciddi qəbul etmirsiz, varsa da yoxsa da özünüzü bir nömrə hesab edirsiz. Nəylə? Hansı qabiliyyətlə? Hansı işlərlə? Hansı fəaliyyətlə? Hansı mövqe ilə? Hansı tarixi yaddaşla?
Tarixi yaddaşı olmayan və yaxud tarixini bu qədər asanlıqla və erkən unudan siyasi təşkilata, bu təşkilatların rəhbərlərinə xalqımız və cəmiyyət niyə inansın, niyə ciddi qəbul etsin onları?
Axı siyasi fəaliyyət təkcə, yeri gəldi-gəlmədi mövcud iqtidarın fəaliyyətini eninə-uzununa pisləməkdən, prezidenti mütəmadi olaraq istefaya çağırmaqdan, davamlı surətdə seçkiləri boykot etməkdən ibarət deyil, Əfəndilər.
Siyasətin bir də bu yönü var axı: tarixi yaddaşı tez-tez yeniləyib qızğın geosiyasi mübarizədə Azərbaycan cəmiyyətinin və xalqının gerçək mövqeyini ifadə eləmək! Xalqın və cəmiyyətin dosta və düşmənə gerçək münasibətini ortaya qoymaq!
Siz nə zaman bunu öyrənəcəksiniz?
Məncə, hər kəs sizi yaxşı tanımalıdır. İndən belə seçimlərində yanlışlar etməmək üçün bilməlidirlər ki, şəxsi maraq və çıxarların ictimai mənafedən daha üstün tutulduğu, tarixini unudan va xatırlatmayan siyasi təşkilatlara dövlət etibar etmək olmaz! Qəti olmaz!
Əslinə qalsa, indən belə nə etsəniz də, gecdir və hər mənada uduzduğunuzu etiraf etməkdən başqa çarəniz qalmayıb.
Cəsarətlə söyləyə bilərəm ki, bədxahların ucbatından, sadəcə, dörd il fəaliyyət göstərə bilən Azərbaycan Yüksəliş Partiyasına, onun siyasi elitası olan şəxslərə bütün parametrlər üzrə uduzdunuz.
Mübaliğəsiz-filansız AY Partiya milli dövlətçiliyə söykənən siyasi-ideoloji xəttin necə müdafiə olunması ilə bağlı hamıya dərs verib!
Səhifələri vərəqlədikcə bir daha əmin oldum ki, çox qısa bir zamanda təkcə siyasi partiya kimi yox, eyni zamanda formalaşmaqda olan bir siyasi institut olaraq da kifayət qədər faydalı işlər görmüşük, maraqlı ənənələr, nümunələr və örnəklər yarada bilmişik.
Ən yeni tariximizdə siyasi partiya və siyasi institut əslində necə olmalıdır, necə işləməlidir, fəaliyyətini hansı formada, hansı siyasi texnologiyalarla qurmalıdır, vətəndaşa və cəmiyyətə necə xitab etməli, necə xidmət göstərməlidir, gündəlik, həftəlik, aylıq iş planları nədən ibarət olmalıdır kimi cari məsələlərdə başqalarından xeyli dərəcədə fərqlənən həll yollarımız olub.
İdarəetmə və ən əsası insanlarla, kollektivlərlə iş bacarığımız, səriştəmiz, münasibətlər sistemi yüksək səviyyədə olub. Faktlar göstərir ki, bu planda da kifayət qədər gözüaçıq və dinamik olmuşuq.
Geri gedib partiyanın rəsmi sosial media hesablarına, veb-saytına, partiya funksionerlərinin əqli mülkiyyət platformaları – sosial media səhifələrinə tək-tək, günbəgün baxdım. Təvazökarlıqdan uzaq olsa da, bunu gərək deyəm: heyrət içindəyəm. O qədər aktiv olmuşuq ki, Allahın bir həftəsini belə boşuna keçirtməmişik.
Son dörd ildə istər partiya başqanı ilə birlikdə, istər ayrıca başqanlıq heyəti olaraq, istərsə də partiyanın siyasi elitasına daxil olan şəxslər fərdi qaydada xarici səfərlərdə olublar ki, bunun da partiyamız üçün siyasi və təcrübə mübadiləsi planında əhəmiyyəti çox olub.
Ölkənin gündəmində olan ictimai-siyasi, sosial-iqtisadi, mədəni hadisələrdən tutmuş uzaq və yaxın tariximizdə baş vermiş hadisələrlə bağlı, eləcə də Azərbaycan dövlətçiliyinə, tarixinə, elminə, mədəniyyətinə, sənət aləminə, ədəbiyyatına, kinosuna töhvələr vermiş böyük şəxsiyyətlərin doğum və vəfat günlərinə qədər xeyli sayda yazılar yazmışıq, xatırlatmalar etmişik, hər kəsin xatirəsini sayğıyla anmışıq.
Ölkəmizdə və onun ətrafında baş verən geosiyasi və geoiqtisadi gəlişmələrlə əlaqədar partiyanın Başqanlıq Heyəti olaraq daim toplanıb bəyanatlar qəbul etmişik, mövqe ortaya qoymuşuq. Beynəlxalq və regional məsələlərlə bağlı bəzən Azərbaycan dövlətinin deyə bilmədiyi bir çox məsələləri cəsarətlə dilə gətirmişik.
Bir saat da olsun belə, milli dövlətçilik yanaşmamız axsamayıb. Müxtəlif olaylarla bağlı ciddi diskussiyaların aparıldığı samballı mötəbər tədbirlər təşkil etmişik.
Ölkənin ümumi sosial həyatı, müharibə və onun ağır nəticələri, qazi və veteranlarla bağlı problemlər, idarəetmə, şəffaflıq və hesabatlılıq, siyasi mühit, vətəndaş cəmiyyəti, media, bütövlükdə vətəndaşların yaşayışının yaxşılaşdırılmasına dair ciddi təkliflərlə çıxış etmişik.
Ən maraqlısı bilirsiniz nədir? Partiya olaraq öyrənməyi də bir ənənəyə çevirmişdik. Həyatın və idarəetmənin müxtəlif sahələri üzrə Respublikanın öz sahəsini çox yaxşı bilən tanınmış ekspertləri ilə treninqlər təşkil edirdik, özümüzü daim inkişaf etdirmək, trenddən geri qalmamaq önəm verdiyimiz amil idi. Ucdantutma hamının özünü ultra ağıllı hesab elədiyi bir cəmiyyətdə həm öyrədici olmaq, eyni zamanda da öyrənmək ənənəsinin əsasını qoymuşduq (bax: FOTO).
Milli siyasi-ideoloji xətt Azərbaycan Yüksəliş Partiyasının daim gündəmdə tutduğu məsələ olub. Məhz elə buna görə də, zaman-zaman, ipi Kremlin ovcunda olan bir sıra siyasi dairələrin, siyasi mərkəzlərin təzyiq və təhdidlərinə məruz qalmışıq. Təəssüflə qeyd etməliyik ki, iqtidarın daxilində belə dairələr az deyil və Partiyamıza, onun siyasi elitasını təşkil edən şəxslərə qarşı aparılan çirkin kampaniyalar məhz buradan qaynaqlanıb.
Bütün bunlara rəğmən, ifadə etmək istəyirəm ki, böyük siyasətin real şərtləri amansızdır, cığallıqsa oyun qaydalarına ziddir və bunun ümumiyyətlə yanlış yanaşma tərzi olduğunu müdafiə edirik. Belə hesab edirik ki, obrazlı desək, siyasi mübarizə rinqində, sadəcə, birinci raund bitib və növbəti raund başlayıb.
Bu mənada, siyasi hakimiyyətə alternativ bir lider olaraq meydana çıxmış siyasət adamı Anar Əsədli 27-28 aprel 1920-ci il işğal tarixi barədə kifayət qədər informasiya yükünə malik, eyni zamanda siyasi-ideoloji tutumu olan bir neçə qiymətli yazı yazıb və onun fb səhifəsində bu məqalələrlə tanış olmaq mümkündür.
Bu baxımdan mənim sırf bu məsələ barədə təkrar olaraq əlavə nə isə yazmağım doğru çıxmaz. Anar Əsədli o yazılarda hər şeyi dəqiq, sərrast və haqlı olaraq kəskin ifadə edib!
Mən isə, bu yazı ilə, sadəcə olaraq, qısa xatırlatma vermək istəyirəm ki:
– qısa zaman kəsiyində gerçək siyasi partiya olmaq və siyasi institutlaşma istiqamətində ciddi fəaliyyət ortaya qoyduq;
– tez-tez tarixi yaddaşı təzələməklə, tarixi hadisələri xatırlatmaqla cəmiyyətə, gənclərə, yeni yetişən nəsillərə Azərbaycanın düşmənləri və gerçək dostları barədə cəsarətli mesajlar ötürdük, mütəmadi planda mövzu ilə bağlı incə detalları özündə ehtiva edən informasiyalar paylaşmaqdan qətiyyən çəkinmədik;
– milli məsələlərin müzakirə edildiyi, fikir mübadiləsi aparıldığı onlarla dəyirmi masalar, konfranslar keçirdik;
– minə yaxın təəssübkeşin və partiya üzvlərinin iştirak etdiyi, mötəbər qonaqların qatıldığı möhtəşəm 28 May Cümhuriyyət Günü tədbirini ortaya qoyduq;
– Azərbaycanda dövlətçilik əxlaqı, dövlətçilik ərkanı və dövlətçilik ənənələrinin, o cümlədən rəqabət şəraitində olan siyasi təşkilatlar arasındakı münasibətlərdə siyasi mədəniyyətin formalaşması üçün yeniliklərə imza atdıq;
– müxtəlif sahələri əhatə edən həyati-vacib məsələlərə dair cəmiyyətin diqqətini çəkən çağırışlar etdik;
– son vaxtlar ayda iki dəfə olmaqla siyasilərin, aydınların, ziyalıların, fikir babalarının, millət vəkillərinin, hətta aktyorların, idmançıların və gənclərin iştirakı ilə MƏMLƏKƏT SÖHBƏTLƏRİ keçirdik;
– Azərbaycanda ilk dəfə olaraq bir siyasi partiya rəhbəri öz iş otağını Gənclərə bağışladı və gənclərin təşəbbüskarlığı, zəhməti ilə BAŞLA OTAĞI meydana çıxdı, bu otaq-kitabxana gənclərin aydınlarla, fikir babaları və siyasilərlə görüş, müzakirə, diskussiya mərkəzinə çevrildi;
P.S. Bu siyahını uzatmaq üçün o qədər şey var ki…
Sizi yormaq istəmirəm. Yeganə deyəcəyim
odur ki, qətiyyən ruhdan düşməyin və sabahı
gözləyin…
Baş redaktor: Bünyamin Bünyadzadə
Respublikainfo.com