Media vasitəsilə vətəndaş müraciətlərində növbəti müraciət Azərbaycan Respublikası Daxili işlər nazirinə ünvanlanıb.
Respublikainfo.com xəbər verir ki, uzun illər güləş üzrə Azərbaycan yığmasının üzvü olan güləşçi Elman Muxtarovun atası Coşğun Muxtarov Azərbaycan Respublikası Daxili işlər nazirinə media vasitəsilə açıq müraciət ünvanlayıb.
Həmin müraciəti sizə təqdim edirik:
Azərbaycan Respublikasının Daxili işlər naziri, cənab Vilayət Eyvazova Goranboy rayonu Qaradağlı kənd sakini Coşğun Muxtarov tərəfindən
Ş İ K A Y Ə T
Hörmətli cənab nazir! Yazıb sizdən xahiş edirəm ki, mənim müraciətimi öz xüsusi nəzarətinizə götürəsiniz! Qeyd edim ki, oğlum Elman Muxtarov I Avropa Oyunlarının gümüş mükafatçısı, Yeniyetmələrin Olimpiya Oyunlarının qalibi, Azərbaycan çempionu olub. O, sonuncu dəfə 2019-cu ildə Qazaxıstanda güləş üzrə dünya çempionatında yarışıb.
Azərbaycanın tanınmış güləşçisi, yeniyetmələr arasında olimpiya çempionu, I Avropa Oyunları, Avropa və dünya çempionatının mükafatçısı olan oğlum Elman Muxtarov hazırda həbsdədir.
Təxminən bir il əvvəl Bakı şəhəri Nizami rayon Polis İdarəsinin müstəntiqi Nicat Osmanov oğlumu həbsdən olunmaqdan qoruyacağını söz verərək məndən 4500 manat pul alıb. Lakin Nicat Osmanov nəticədə oğluma heç bir köməklik göstərməyib. Üstəlik də uzun müddətdir ki, telefon zənglərimə cavab vermir. Müstəntiq Nicat Osmanovun 4500 manat pulu məndən aldığını hal şahidi olan qonşum Etibar Abbaslı fakt olaraq təsdiqləyə bilər.
Hörmətli cənab nazir! Sizdən çox xahiş edirəm ki, övladımın həbsi ilə bağlı mənim və həyat yoldaşımın ağır stress yaşadığını nəzərə alaraq müstəntiq Nicat Osmanov tərəfindən mənə dəyən maddi ziyanın mənə geri qaytarılmasında mənə köməklik edəsiniz! Müstəntiq Nicat Osmanovun məndən aldığı məbləğin mənə qaytarılması istiqamətində mənə dəstək göstərməyinizi sizdən xahiş edirəm.
Hörmətlə: Coşğun Muxtarov
Əlaqə telefonu: 055 980 94 09
Media qanunlarına əsasən qarşı tərəfin də mövqeyini də dərc etməyə hazırıq…
Baş redaktor: Bünyamin Bünyadzadə
Respublikainfo.com