(Rus sülhməramlılarının vaxtından qabaq ölkəni tərk etməsilə əlaqədar cəmiyyətdə qarşılıqlı ittihamlarla müşayiət olunan müzakirələrə sözardı)
Rusiya Federasiyasının dörd il öncə “sülhməramlı” adı altında ölkəmizə soxulmuş hərbi-desant birliklərinin rədd olub getməsi üstündə bir-birinin ətini yeyən, bir-birini təhqir edib bir-birinə hər fürsətdə söz “soxan”, “mən o vaxt belə demişdim”, “biz o vaxt elə demişdik” boşboğazlığından yapışıb özünü cəmiyyətə ultra-ağıllı sırımaq üstündə qızğın yarışın (oxu: şıdırğı alverin) getdiyi bu gözəlim respublikamıza və onun insanlarına elə yazığım gəldi ki…
Təəssüflənməmək əlimizdə deyil. Hamını bir-birinə düşmən ediblər. Heç kimin sözü bir-birinin boğazından keçmir.
Ümumiyyətlə, biz düşməni kənarda niyə axtarırıq ki? Hətta ümummilli hədəfə çatmağı belə, bir-birimizlə düşmənçilik, nifrət, şiddət alətinə döndərmişik. Üç-beş manat qabağa düşəcək, yaxud hansısa “bazbırıtlı” hökumət bürokratları qabağında guya “hörmətə minəcək” deyə, bir-birimizi kirli, pinti sözlərlə “döymək”, linç etmək adi normaya çevirilib, yəni bu qədər cılızlaşmışıq, fərqindəsinizmi, əfəndilər?
Ən pisi də odur ki, ictimai əxlaqın mühüm elementi olan ayıb hissi tamamilə yox olub, bütün bunları edərkən xəcalət çəkmirlər, utanıb-ölmürlər. Axmaqcasına özlərini inandırıblar ki, guya ən başda oturanların bunların belə “can-fəşanlığına”, “dəridən-qabıqdan çıxmalarına” ehtiyacı varmış.
Bir də ki, yerindən qalxan özü barədə hamıdan daha çox bilən, hamıdan daha çox uzaqgörən, hamıdan daha çox qabiliyyətli, səriştəli, iş yarıdan obrazı yaradıb gülməli vəziyyətə düşməsin, buna da gərək yoxdur. AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜ VƏ SUVERENLİYİ, RUS SÜLHMƏRAMSIZLARININ ÖLKƏMİZDƏN ÇIXMASI MƏSƏLƏSİNDƏ hamı rolunu yaxşı oynadı. Bu qədər sadə!
Dalaşmaq lazım deyil. Bu, bizə heç nə verməyəcək.
Birdəfəlik başa düşün ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ümumDÖVLƏT, milli dövlətçilik məsələsidir və burada hansısa müxalifətçilikdən söhbət gedə bilməz!
Dost var, düşmən var, heç bir halda belə bir mövzu iki qütb arasında müxalifətçilik predmeti ola bilməz, olmamalıdır. Bu görüntünü verməməyin nə qədər önəmli olduğunu istər yazılarımızda, istər televiziya çıxışlarımızda da az vurğulamamışıq. Kimliyindən, vəzifəsindən, sahib olduğu statusdan asılı olmayaraq, heç kəs də bu vətəni, bu torpağı, bütövləşmiş Azərbaycanı kimsədən artıq sevə bilməz! Hamının sevgisi aşağı-yuxarı eynidir.
Burası da birmənalıdır!
Lakin müqəddəs sevgi o demək deyil ki, kimsə hər şey barədə hamı ilə eyni cür düşünməlidir. Təbii ki, fərqli, alternativ, ziddiyyətli, haqlı şübhələri özündə ehtiva edən fikirlər də olacaq. Buna, sadəcə, dözmək, sayğı göstərmək lazımdır. Siyasi mədəniyyət və dövlətçilik əxlaqı bunu bizdən tələb edir.
Ən başda oturan adamdan tutmuş ən aşağıda dayanan adama qədər hər kəsin səhvləri, yanlışları ola bilər, olur da, indən belə də olacaq. Yetər ki, bu səhvlər, bu yanlışlar yüngülvari olsun, dövlətimizə və xalqımıza zərər verməsin.
İstər ərazi bütövlüyünün tam şəkildə bərpa olunması, istərsə də son üç ildə dövlətimizin içində separatizmi hər mənada dəstəkləməkdən çəkinməyən Rusiyaya məxsus sülhməramsızların Azərbaycanın suveren ərazilərindən vaxtından qabaq çıxıb getməsi prosesində əmək verən, psixoloji-mənəvi planda əziyyət çəkən hər iki tərəf haqlı idi. Hər iki tərəfin (dövlətin rəsmi idarəetmə institutları və cəmiyyət) özünəməxsus doğruları və iş prinsipi oldu. Ən kobud formada ifadə eləsək, “Yaxşı polis-pis polis” rolunu oynamaq bu prosesdə bizim dövlət olaraq yalnız faydamıza işlədi.
Cəmiyyəti və xalqı əldə olunan nəticələrə qane olmamağa, bəzən baş verənlərə şübhə və tərəddüdlə yanaşmağa, daha çoxunu istəməyə kökləmək beynəlxalq miqyasda danışıq masasında yalnız Dövlətimizin əlini gücləndirdi.
Bu mənada 2020-ci ildəki İkinci Qarabağ müharibəsindən sonra bir təzyiq mexanizmi kimi elə, ya belə real ictimai-siyasi rəy formalaşdıranlar (kövrək situasiyada xalqı və cəmiyyəti mövzu ətrafında daim gərginlikdə saxlamaq və ayıq tutmaq) da haqlı idi, bu real ictimai təzyiqi dövlətlərarası diplomatik danışıqlarda, hərbi-siyasi ritorikada çox vacib element kimi istifadə edən rəsmi tərəf də haqlı idi.
Əslinə qalsa, işin təbiəti budur və belə də olmalıdır..
Qapalı diplomatik danışıqlarda “biz dövlətin taleyi məsələlərində qərarları təkbaşına və özbaşına verə bilmərik, baxın, fərqli ictimai fikir qaynayır, xalqımız və cəmiyyətimiz ayıqdır, dərin narahatlıq içindədir, Azərbaycanın bir qarış torpağının düşməndə qalmasına, ərazi bütövlüyümüzün yarımçıq olmasına, aramızda yad ölkələrin əsgərlərinin qalmasına qətiyyən dözməyəcəyik” mövqeyi elə-belədən yaranmır.
Əliyev bu inamı, bu gücü, bu qətiyyəti, bu iradəni, bu əminliyi iqtidarlı-müxalifətli cəmiyyətdən və əlahəzrət Xalqdan alırdı.
Uzun sözün qısası, cəmiyyətdə əks fikirlər, alternativ ideyalar, versiyalar olmasa, bu real təzyiq daim emal olunmasa, siz elə bilirsiz başda oturan adamlar hər istədiklərini istədikləri vaxt istədikləri formada edə bilir? Yəni özünüzü bu qədər aldadır və bu qədər gülünc vəziyyətə qoyursunuz?
Ali Baş Komandan vəzifəsini daşıyan prezident İlham Əliyev son dörd ildə həyata keçirdiyi siyasətə və bugünkü nəticələrə məhz ona görə nail ola bildi ki, cəmiyyət və xalq öz üzərinə düşən işi ləyaqətlə apardı. Razılaşaq ki, üzərinə düşən ən ali bir vəzifə kimi, Əliyev istər hərbi-siyasi, istərsə də diplomatik planda suverenliklə bağlı daha bir problemin öhdəsindən məharətlə gəlib. Elə bu münasibətlə həm onun özünü, həm şanlı Ordumuzun zabit və əsgərlərini, eləcə də bütövlükdə cəmiyyətimizi və Uca Xalqımızı ürəkdən təbrik edirəm!
İçi nifrətlə, kinlə, şiddətlə dolu olanlara, sağa-sola fırça atanlara isə tək cümlə sözüm var: cəmiyyətin və xalqın məsələlərə elə ya belə yanaşmasını (sənin xoşuna gəldi, ya gəlmədi), ortaya qoyduğu əməyi, işi, narahatlığı, nigaranlığı, fədakarlığı görməzdən gəlmək, ən yaxşı halda, tərbiyəsizlikdir. Özünüzü yığışdırın!..
Bu arada, Rusiya Federasiyasına məxsus sülhməramlı hərbi kontingentin vaxtından qabaq suveren ərazilərimizi tərk etməsi məsələsində qonşu Errmənistanın baş naziri Nikol Paşinyanın ortaya qoyduğu siyasi iradənin haqqını gərək verək. Düşmən olanda nə olur?!.. Razılaşın ki, Paşinyan Qarabağdakı həmvətənlərinin Rusiyanın əlində separatizm alətinə çevrilməsinə müsadə etmədi!
Qərb institutlarının dəstəyini fürsətə çevirib həmvətənlərinə qucaq açdı, qapalı görüşlərdə onlara inandırdı ki, sizin nicatınız məhz Ermənistandır, başqalarına məxsus torpaqlarda sizə xoş gün yoxdur. Rusiyanın cinayət aləti olmaqdansa, Avro-Atlantik məkana inteqrasiya xətti tutmuş Ermənistan Respublikasının tamhüquqlu vətəndaşı olmaq həyatınızda yeni qapılar açacaq.
Paşinyan öz həmvətənləri ilə açıq danışdı, onlara daha hüzurlu və ləyaqətli yaşam zəmanəti verdi. Bununla da, Qarabağımızdakı onminlərlə erməni azlığının Ermənistana kütləvi köçünə zəmin yaratdı. Təbii, burada Azərbaycan Ordusunun ötən ilin sentyabrında 24 saat çəkən anti-separatizm və antiterror əməliyyatını da xüsusi qeyd edək. Kreml Qarabağdan belə kütləvi köçün baş verəcəyini hesablamamışdı və ona görə də qarşısını ala bilmədi.
Paşinyan erməniləri, faktiki, nəinki Rusiyanın, hətta son üç ildə Kremlin “adamlarına” çevrilmiş, bu gün Bakıda həbsxanada cəza çəkən erməni separatçılarının da pis işlərindən xilas etməyi bacardı. Bu məsələdə ölkəmizə qarşı müəyyən ehtiyatlı ikili standartları nəzərə almasaq, ABŞ-ın və Avropa İttifaqının baş verənlərə rasional və dözümlü yanaşması da az rol oynamadı.
Rusiya sülhməramlılarının əsas işi birgə yaşamaq ehtimalı olan iki xalq arasında sülhə, barışa nail olmaq idi. Birgə yaşamaq ehtimalı artıq aradan qalxdığına görə, Ukraynada haqsız işğalçı müharibə aparan rusların Qarabağda saxladıqları sülhməramlı hərbi kontingentə boşuna pul xərcləmək, təbii ki, axmaqlıq olardı. Ona görə də çıxıb gedirlər. Xoş gedirlər!
Rusiya hərbi qoşunlarının ölkəmizdən çıxması Azərbaycan dövlətçiliyi baxımından ağlasığmaz əhəmiyyəti olan daha bir tarixi-siyasi hadisədir. Bu mübarək prosesdə ölkə rəhbəri və komandası, xüsusilə dövlətin xarici siyasətinə məsul olan qurum, Azərbaycan Ordusu, bütövlükdə cəmiyyət və Xalqımız xüsusi dözüm, səbr, siyasi fəhm və dünyagörü, siyasi uzaqgörənlik, qəhrəmanlıq, iradə və əzm, istək, fədakarlıq, qabiliyyət nümayiş etdirmişdir. Böyük Qələbə istisnasız hər bir Azərbaycan vətəndaşına məxsusdur. Anadolu türkləri demiş, bu faturada hər kəsin haqqı var. Bu mənada sevincimizin həddi-hüdudu yoxdur.
P.S. Yadımdan çıxmamış onu da deyim ki, “antimilli”, “vətən xaini”, “filan yerlərə satılmışlar” və s., bu qəbildən olan iyrənc söz birləşmələrini leksikonunuzdan çıxarsanız, Azərbaycan dövlətçiliyinə daha çox xidmət etmiş olarsınız. Bizim bundan sonra milli konsensusa daha çox ehtiyacımız var. Sizi tanıyırıq. Mənə də yox da, axı çoxunuz dünənə qədər Əliyevin idarəçiliyinə, şəxsinə qarşı ən iyrənc formada nifrət etmiş, şiddət göstərmiş, qusmuş adamlarsınız, barı dünəninizdən utanın, danışanda kimlərisə ittiham etməkdən çəkinin, elə ehtiyatla yazın-pozun ki, heç olmasa simanızı qorumağa fürsətiniz də qalsın. Axı sizləri başdan ayağa ən xırda detalınıza kimi tanıyan nəsillər hələ sağdılar, ölməyiblər…
Baş redaktor: Bünyamin Bünyadzadə
Respublikainfo.com