Naxçıvan sözün əsl mənasında muzey-abidələr şəhəridir. Mustafa Kamal Atatürkün “Türkün qapısı” adlandırdığı qədim Nuh yurdu – Naxçıvan qışda sərt iqlimi ilə tanınsa da bizi quru, mülayim havası və aydın səması ilə qarşıladı. Hava limanından şəhərə doğru hər kəsin diqqətini Tarixi İpək Yolunun incisi olan, Kiçik Qafqaz dağlarının Zəngəzur, Dərələyəz silsiləsi ilə mühafizə edilən cahanın nəqşi Naxçıvanın təmiz küçələri, səliqəli binaları, gözəl təbiəti cəlb etdi. Vaxtımızın az, proqramımız zəngin olduğuna görə ilk ziyarətimiz şəhərin mərkəzində yerləşən Heydər Əliyev Muzeyindən başladı. Muzeydən məlumat verildi ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1999-cu il tarixli 18 fevral sərəncamına əsasən yaradılıb və 1999-cu il mayın 10-dan fəaliyyətə başlayıb.
Muzeydə Ulu Öndər Heydər Əliyevin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər nümayiş etdirilir. Həmçinin Naxçıvan MR Ali Məclisinin sədri (1991–1993) işlədiyi dövrdə gördüyü işlər, həyata keçirdiyi tədbirlər, qəbul etdiyi mühüm əhəmiyyətli qərarlar, sərəncamlar, sənədlər, fotolar öz əksini tapıb.
Heydər Əliyev Muzeyinin qarşısında bu il Naxçıvanda ilk dəfə “Snow fest – Qış festivalı” keçirilirdi. Festivalın keçiriləcəyi ərazidə bayram əhval-ruhiyyəsində bəzədilmiş 30-a yaxın köşk quraşdırılıb. Naxçıvanda ilk dəfə qurulan qış şəhərciyində müxtəlif xidmətlər və təamlar nümayiş olunurdu. Festival yanvarın 7-dək davam edəcək.
Növbəti ziyarətimiz Hüseyn Cavid məqbərəsi, Heydər Əliyevin 1938-1939-cu illərdə təhsil aldığı Pedaqoji Texnikum (indiki Bəhruz Kəngərli Muzeyi), Naxçıvan Turizm İnformasiya Mərkəzi (Bu bina 1930-cu illərdən Naxçıvan Şəhər Pionerlər Evi kimi fəaliyyət göstərib və Heydər Əliyev burada təşkil olunmuş şahmat, musiqi və dram dərnəklərinin üzvü olub), Əcəmi seyrangahında yerləşən Heydər Əliyev büstü, “Xan sarayı” Dövlət Tarix-Memarlıq Kompleksi, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksinə oldu.
Üç ölkədə bənzəri olan müqəddəs “Əshab-i Kəhf” mağarası
Səfərin ikinci günü Naxçıvan əhalisinin müqəddəs sandığı yer – “Əshab-i Kəhf” mağarasını ziyarət etdik. Müqəddəs Qurani-Kərimin bu məsələ ilə birbaşa bağlı olan surəsi “Əl-Kəhf” surəsidir. “Əshab” yeniyetmə cavan oğlanlar, “kəhf” isə mağara, sığınacaq yeri deməkdir. Dünyanın üç yerində – Hindistan, Türkiyə və İordaniyada bənzəri olsa da, müsəlmanların çoxu Naxçıvanda iki dağ arasında yerləşən bu mağaranı ziyarət edirlər. Hər il xarici ölkələrdən yüzlərlə müsəlman bu məkanı ziyarət etmək üçün Naxçıvana axın edir. Müqəddəs Ramazan ayında isə mağaranı ziyarət etmək istəyənlər üçün hətta dünyanın müxtəlif yerlərindən Naxçıvana turlar da təşkil olunur. Hətta el arasında belə bir deyim var ki, “Əshabi-Kəhf”i yeddi il ard-arda ziyarət etmək, Kərbəla, Həcc ziyarətlərinə bərabər tutulur”. Mağaranın müqəddəsliyi xalq arasında yayılmış və bir sira qaynaqlarda əksini tapmış rəvayətlə bağlıdır. Rəvayətə görə, bütlərə tapınan Dağ Yunis adlı hökmdarın zülmünə dözə bilməyən vəzir Təmirxan bu zülmdən qurtarmaq üçün tək allahlığa inanan bir neçə dostu ilə şəhərdən qaçaraq yaxınlıqdakı mağaraya sığınırlar və onları dərin yuxu aparır. Deyilənə görə, onlar bu mağarada üç yüz il yatırlar. Ayıldıqda isə artıq başqa dövr olduğunu öyrənirlər. İnsanlar bu möcüzəvi hadisəni bildikdən sonra mağaraya doğru axışırlar. Bundan qorxuya düşən Təmirxan və dostları Allahdan qeyb olmalarını diləyirlər. Allah onların səsini eşidir, hər biri qayaya söykəndikləri kimi də yox olur.
Mağarada üzərində gözəl nəstəliq xəttilə, ərəb dilində yazı həkk edilmiş daş qoyulub. Həmin daşın ortasında Qurandan “Əshab-i Kəhf” surəsinin bir neçə ayəsi eynilə köçürülüb, daşın ətrafında isə Naxçıvan hakimi, Kəngərli tayfasından olan Xuda- qulu xanın xələfi Şükrulla xan hicri 1190-cı il səfər ayında (mart, 1776-cı ildə) atası, Naxçıvan hakimi Xudaqulu xanın şərəfinə sözlər yazdırmışdır. Daş üzərindəki ərəb dilində yazı ilk dəfə Seyidağa Onullahi tərəfindən oxunub. Türkiyə alimləri Əshab-i Kəhfin Anadolu ərazisində yerləşdiyini iddia edir. Lakin Quranda günəş çıxarkən mağaranın sağ tərəfindən, batarkən sol tərəfindən şüa salması, indi də haqqında bəhs etdiyimiz mağarada həmin vəziyyətin mövcud olması, 220 il bundan öncə həmin mağarada üzərində “Əshab-i Kəhf” surəsindən bir neçə ayənin ərəb dilində yazılıb həmin mağaraya qoyulması, mağaranın quruluşu, görünüşü – bütün deyilənlər bizə qəti fikir söyləməyə imkan verir ki, Əshab-i Kəhf Naxçıvan şəhəri yaxınlığındakı mağaradır.
Mağaranın quruluşu, təbii coğrafi şəraiti ilə tanışlıq buranın ilkin yaşayış məskənlərindən biri olmasını söyləməyə imkan verir. Mağarada qışın soyuğundan, yayın istisindən qorunmaq üçün hər cür şərait var. Mağaradakı təbii sığınaqlar ayrı-ayrı otaqları xatırladır. Uzun illər yandırılmış tonqalların təsirindən divarlar xeyli qaralmışdır. Buranın təbii girişi çox çətin keçilə bilən, sürüşkən qayadan ibarətdir ki, bu da mağaradakıları düşmənlərin və vəhşi heyvanların hücumundan qoruyurdu. Ərazi bütövlükdə qayalar və daşlardan ibarətdir, o cümlədən burada çoxlu ağac və kollar da vardır.
Bundan əlavə, “Əshabi-Kəhf”də ən çox ziyarət edilən, zəvvarların niyyət edib gəldikləri yer “Damcıxana”dır. Elə ona görə də, bura qədimdə “Damcılı Mağara” adı verənlər də olub.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin tapşırığı və himayəsi ilə 1998-ci ildə burada abadlıq-bərpa işləri aparılıb, zəvvarlar üçün şərait yaradılıb, 13 km məsafədə rahat yol salınıb, məscid tikilib, kitabə qoyulub. İlin hansı dövründə olursan ol, burada əcnəbi turistlərə rast gəlmək mümkündür.
Tarixi qoynunda yaşadan diyar – Ordubad
Ulu Öndərin “Azərbaycanın incisi” statusunu illərdir qoruyub saxlayan Ordubad qədimliyinə, özünəməxsus memarlığına görə Naxçıvan Muxtar Respublikasında turistlərin marağını cəlb edən qədim yerlərdəndir. Ordubad Muxtar Respublikanın böyüklüyü və əhəmiyyətinə görə ikinci böyük şəhəridir. Qədim məscidləri, hamamları, tarixi-mədəni abidələri, bulaqları, daş döşənmiş məhəllələri, bir neçə yüz il yaşı olan çinar ağacları, dadı damaqda qalan meyvə-tərəvəzləri və qonaqpərvər insanları ilə məşhur olan Ordubad zəngin turizm potensialına sahibdir. Ordubad gözəlliyinə, relyefinə, qədimliyinə görə daha çox Şəki şəhərini xatırladır.
Mərkəzdən axan Ordubadçay şəhəri iki hissəyə bölür. Zəngəzur dəhlizinin ən önəmli ərazisi olan rayonun sərt kontinental iqlimi var. Yayda Naxçıvanın ən sərin yeri hesab olunsa da, qışı çox sərt keçir. Ordubad memarlıq üslubu və 100-dən çox tarixi-arxeoloji abidələrinə görə 1977-ci ildə Qoruq şəhər elan edilib.
Səfəvi hökmdarı I Şah Abbas dövrünün yadigarı olan və Azərbaycan memarlığının nadir nümunələrindən sayılan Qeysəriyyə Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edərkən qədim yurd yerinin tarixinə şahidlik edirik. Ordubad şəhərinin mərkəzində yerləşən Qeysəriyyə XVII əsrə aid ölkə əhəmiyyətli Azərbaycan memarlıq abidəsidir. Qeysəriyyə sözünün mənası keçmiş zamanlarda şahlara məxsus daş-qaş, ləl-cəvahirat satılması məqsədilə tikilmiş örtülü Şərq bazarı deməkdir. Belə tikililərə dünyanın üç yerində rast gəlmək olar: Səmərqənd, Təbriz və Ordubad şəhərlərində. Hazırda ən görkəmlisi və abadı Ordubaddakıdır. 150 eksponatla fəaliyyətə başlayan muzeydə hazırda 4000-dən artıq eksponat qorunub saxlanılır. Ən qədim eksponat bizim eramızdan əvvəl II-I minilliyə aid Gəmiqaya qranit daşları, 32 ədəd Quran cüzləri əl ilə yazılıb.
Qeysəriyyə Tarix-Diyarşünaslıq Muzeyi ilə üzbəüz Ordubad Cümə məscidi və ya Şah Abbas məscidi yerləşir. Ordubad şəhərinin tarixi mərkəzində yerləşən XVII əsrə aid tarixi məscid binasıdır. I Şah Abbasın fərmanı ilə Naxçıvan-Marağa memarlıq məktəbi üslubunda inşa edilmiş məscid, Ordubad şəhərinin mərkəzi meydanında ən hündür yerdə ucaldılıb. Məscidin memarlıq görkəmi 17-18 əsrlərə aid abidələrin başlıca cəhətlərini özündə daşımaqdadır. Cümə məscidinin şərq qapısı üzərindəki daş lövhədə I Şah Abbasın nəsx-xətti ilə farsca beş sətirlik fərmanı həkk edilib. Bu fərman Cümə məscidinin son orta əsrlərdə formalaşdığını deməyə əsas verir. Lakin məscidin plan quruluşu, bəzi elementləri və bədii tərtibatı onun ilkin əsasının daha qədim olduğunu göstərir. XVII əsrdə isə məscidin əsaslı şəkildə bərpa edildiyi güman olunur. Məscidin içəri divarlarındakı həndəsi formalı ornamentlər Naxçıvanın qədim abidələrindəki rəsmləri xatırladır. Bəzi mənbələrə görə, 1902-1903-cü ildə məsciddə təmir işləri aparılarkən tapılmış bir kərpicdəki yazıdan onun XII-XIII əsrlərdə tikildiyi aydın olur. Cümə məscidinin cənubundakı meydanda vaxtilə karvansaralar, dükanlar olub. Bu meydanla məscid sahəsi o vaxtlar vahid mərkəzi kompleks təşkil edirdilər. Tədqiqatçılar Cümə məscidinin indiki görünüşünün sonradan edilən əlavələr nəticəsində yarandığını qeyd edirlər. Bina, qumdaşı ilə üzlənmiş hündür qaya üzərində inşa edilmişdir ki, bu da onun süni stilobat üzərində tikilməsi effektini yaradır. Bir sözlə, tarix dadlı mətbəxi, başdan-başa canlı tarixi olan Ordubada səxavətli davranıb.
Təbii ki, Zəngəzur dəhlizi açıldıqdan, Azərbaycanın digər bölgələri ilə Naxçıvanın quru əlaqəsi bərpa olunduqdan sonra bu bölgəyə turist axını daha da artacaq.