Ünvanlı dövlət sosial yardımı dedikdə, dövlət tərəfindən yalnız aztəminatlı ailələrə aylıq verilən pul yardımı nəzərdə tutulur. Dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşən bu yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir.
Beləliklə Visiontv.az saytına istinadən Respublikainfo.com bildirir ki, qanunvericiliyə görə ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikasının qanunu ünvanlı dövlət sosial yardımının göstərilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.
Ünvanlı dövlət sosial yardımı nədir və əsas anlayışlar hansılardır?
Ünvanlı dövlət sosial yardımı – aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır.
Ehtiyac meyarı – əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd;
Ailə – qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər;
Ailənin gəlirləri – ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusu;
Ailənin orta aylıq gəliri – ailənin gəlirinin orta aylıq göstəricisi;
Aztəminatlı ailə – orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə.
Sosial yardım almaq hüququna malik ailələr
Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər:
- Ailə üzvünün əmək qabiliyyətini itirməsi
- Ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi
- Ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması
- Ailənin əmək qabiliyyətli üzvünün “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişi alması
- Ailə üzvünün vəfat etməsi
- Ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi
- Ailə üzvünün azadlıqdan məhrum edilməsi
- Ailə üzvünün olduğu yerin məlum olmaması
Ünvanlı dövlət sosial yardımı almaq üçün nə etmək lazımdır?
Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Müraciət etmək üçün ailə tərkibi haqqında arayış və ailə üzvlərinin razılığı əsasında notariusdan təmsilçilik ərizəsi əldə etmək lazımdır.
Növbəti addım “Ünvanlı yardım” altsisteminə (VEMTAS-a) daxil olaraq məlumatları elektron formada doldurmaq və sonunda təsdiq etməkdir.
VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən müvafiq qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir.
Müddətlər
Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır.
Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunur.
Sosial yardımın məbləği ailə tərəfindən ardıcıl gələn 2 (iki) ay müddətində kart hesabından götürülmədikdə, VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna Təmsilçinin müraciəti əsasında yenidən baxılır.
Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə elektron formada VEMTAS-a 15 (on beş) iş günü müddətində məlumat verməlidir.
Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir.
Sosial yardımın təyin olunmasından imtina edilməsi
Aşağıdakı səbəblərdən biri olduqda sosial yardımın təyin olunmasından imtina edilir:
- “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda
- Sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda
- Ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla)
- Ailənin əmək qabiliyyətli, işləməyən üzvü Dövlət Məşğulluq Agentliyinin struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır)
- Ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı oduqda
- Ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda
Sosial yardım təyin edilərkən ailə tərkibində nəzərə alınmayan şəxslər
Sosial yardım təyin edilərkən, ailənin tərkibində aşağıda göstərilən ailə üzvləri nəzərə alınmır:
- Tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində, xüsusi təhsil müəssisələrində yaşayan şəxslər)
- Müddətli həqiqi hərbi xidmətdə olan şəxslər
- Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər
- Axtarışda olan şəxslər
- Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikasının vətəndaşları
- Əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla)
Bunları bilmək lazımdır |
Ailə tərəfindən VEMTAS-a daxil edilmiş məlumatlarda uyğunsuzluq aşkar edilmədikdə, ailənin maddi-məişət şəraitinin müayinəsi aparılır.
“DOST” mərkəzinin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. Sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Nazirlik tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə dövlət orqanlarının və təşkilatların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur; VEMTAS tərəfindən sosial yardımın təyin olunması barədə qərar verildikdə yardımın məbləği və təyin edilmə müddəti, təyin olunmasından imtina edilməsi barədə qərar verildikdə isə imtinanın səbəbləri göstərilməklə qərarın verildiyi gün təmsilçinin “Ərizə-bəyannamə”- də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə məlumat göndərilir; Aztəminatlı ailənin üzvü “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq özünüməşğulluğa cəlb edildiyi hallarda, həmin ailənin sosial yardım almaq üçün müraciət etmək hüququ seçilmiş özünüməşğulluq istiqaməti üzrə əmlakın verilməsi barədə müqavilənin qüvvədə olduğu müddət ərzində məhdudlaşdırılır. Ailənin orta aylıq gəlirinin hesablanması zamanı əldə edilmiş kreditlər nəzərə alınmır. Baş redaktor Bünyamin Bünyadzadə RESPUBLİKAİNFO.COM
|