Sosial şəbəkələr günümüzün ən maraqlı və həyatımızın artıq ayrılmaz hissəsi olaraq dinamik şəkildə daim yeniləşərək bizimlə yol yoldaşına çevirilib. Xüsusilə ölkəmizdə sosial şəbəkə seqmentində daha çox maraq dairəsində olanlardan biri Facebookdur desək yanılmarıq. Təbii ki, bu sosial platformada hər gün maraqlı xəbər səhifələrinə və ya qruplara rast gəlmək mümkündür. Ölkəmizdə qısa vaxt ərzində öz maraqlı mövqeyi və təqdimatı ilə bir çoxlarının diqqətini cəlb edən bir səhifə var. Bu səhifə “Kişilər Klubu”adlanır. Bu dəfə söhbətləşdiyimiz şəxs sözügedən qrupun yaradıcısı və admini Vəfadar Babayevdir.
Mən Vəfadar Babayev Memarlıq və İnşaat Universitetinin Biznesin təşkili və idarəedilməsi fakültəsinin məzunuyam. 2013 – 2014 – cü illərdə hərbi xidmətdə olmuşam. Daha sonra 2017 – ci ildə müəyyən biznes işləri ilə məşğul olmuşam. Təhsil sahəsində çalışırdım. Pandemiyada məlum olduğu kimi təhsil sektorunda durğunluq baş verdi. Ötən ilin iyunundan “Kişilər Klubu’’- nu məkan olaraq təsis elədik. Bu sosial qrup məlum məsələdir ki, pandemiya zamanı yaranmışdı.İlk adı “Evdar kişilər klubu” idi. Belə adlanmasına səbəb isə hər kəsin pandemiya səbəbindən evdə olması zərurətindən yarandı. Hesab edirəm ki, zamanında və yerində seçilmiş bir ad idi. Ona görə də uğurlu oldu deyə bilərəm. Əslində mən uğurun zamana və yerə bağlılığına inanmıram. Qurulan düzgün sistemə inanıram. İstənilən yerdə qurulan sistemə görə insanlar davranış sərgiləyirlər. Mən qurulan sistem deyəndə nəyi nəzərdə tuturam. Demək ölkəmizdə daha çox kişilərin toplaşdığı sosial media qrupları, müəyyən müzakirələrin olduğu yerlər var idi. Amma onların demək olar ki, çoxusu paylaşımları ilə daha çox vulqarlıq nümayiş etdirirdilər. Burada 18+ sözlər və qeyri – etik davranışlar olurdu. Heç kim düşünürdü ki, haçansa kişilərin birlikdə toplaşdığı bir məkan və ya sosial qrup ola bilər ki, orda sırf mədəni müzakirələr getsin. Mən qrupu yaradanda bir cümlə yazmışdım ki, – Bu qrupu açmaqda məqsəd qarşılıqlı faydalı olmaqdır. Prinsip o idi. Qrup gözləmədiyimiz halda birdən birə böyüməyə başladı. 24 martda açılan qrupda 2 saat ərzində 300 nəfər adam var idi. Sonra sürətlə böyüdüyün görüb qrup üçün müəyyən qaydalar tətbiq eləməyi düşündük. Qaydalarda birinci vulqar sözlər, 18+ sözlər, söyüşlər , dini – siyasi müzakirə qadağan olundu. Və insanları mübahisəyə və davaya aparan paylaşımları qadağan elədik. Dolayısıyla insanlar qrup qaydalarına görə burda toplaşdı. Beləcə kim üçünsə maraqlı idisə qaldı kim istəmədisə qalmadı.
“Maraqlıdır ki, qrup üzvləri bir – birini tanımasa da bir ay ərzində…”
Qısa vaxtda ictimai fəallar qrupda çoxaldı. Hətta bir neçə gün sonra ölkənin televiziya məkanında qrup haqqında danışıldı. 5 gün qrup üzvlərinin sayı on minə yaxın idi. Sonra təklif olundu ki, pandemiya səbəbindən işsiz qalan vətəndaşlara yardımlar edək. Cəmisi iki paylaşım etdik. Yüzlərlə şərhlər yazıldı və real dəstəklər gəldi. Və şərhlərdə qeyd olunurdu ki, təşkilatçılıq olsa yardımlaşmağa hazırıq. Mənim bundan “Xızır baba” sosial layihəm var idi. Burda bu obraz uşaqların arzularını yerinə yetirirdi. Bu layihə haqqında məlumatı olan dostlardan biri təklif etdi ki, sənin bu sahədə təcrübən var. Və təşkilatçılığı sən elə. Mən bu yardım layihəsinə başlayanda ərzaq təcrübəm yox idi.
Düşünürdüm ki, maksimum 50 – 60 ailəyə yardım edə bilərik. Elanları qrupda paylaşdıq. Maraqlıdır ki, qrup üzvləri bir – birini tanımasa da bir ay ərzində 2500 ailəyə yardım edə bildik. Belə fikir yaranmışdı ki, bu qrupda nə paylaşılsa mütləq müsbət nəticəsi olacaq. Məncə hər şey dəyərlərə əsaslanır. Bu tarixdən də belədir. Lider olan insanların arxasınca insanlar ona görə gedir ki, onları birləşdirən ortaq dəyərlər var. Burda da bizim bir dəyərimiz var idi – faydalı olmaq. İnsanlar bu mövzuda birləşdilər və böyük işlər gördülər.
Belə qruplar, müxtəlif təyinatlar üzrə xarici ölkələrdə də kifayət qədərdir. Sizin fikrinizcə bu qrupun xarici qruplarla oxşar və fərqli cəhətləri nələrdir?
Açığı deyim ki, xarici sosial qruplarla əlaqəm azdır. Amma xarici sosial platformalarda belə qruplar açılır lakin adətən sonra nəzarət olunmur qruplara. Mən az öncə qeyd elədiyim ki, hər şey sistemdən asılıdı. Sistemdə də dəyər önəmlidir. Yəni sistemə nəzarət və təqib də çox vacibdi. Bizim qrupda səksən iki min insan var. Lakin heç bir paylaşım qeyri – etik olmur. Təbii ki, öncə admin tərəfindən yoxlanılır sonra paylaşıma icazə verilir. İki ildir artıq qrup intellektual insanların paylaşımları ilə tanınır. Yəni bir növ bir qrupu qeyri – etik paylaşımlardan qorumağa ehtiyac duymuruq. Kifayət qədər qrup məhşurlaşıb. Həm yerli mediada həm də Türk mediasında haqqımızda məlumatlar verildi. Bu proses aylarla davam etdi və biz trenddə olduq. Yenə də tərəfdarıyam ki, insanlar sistemə və mühitə görə davranırlar. Hər bir xalqda bu belədir. Adətən avropalıları və digər xalqları bəzən bəziləri çox önəmsəyir. Lakin tamamilə yanlışdı.
“Bu məkana dəfələrlə qadınlar gəlmək istəyib lakin biz daxil olmağa icazə verməmişik…”
Təbii ki, hər bir qrupun daha çox geniş auditoriyası olması üçün sosial şəbəkə istifadəçilərinin həmin qrupa marağı önəmlidir. Bu mənada sosial media istifadəçilərinin ümumi münasibəti necədir?
– Məncə ümumi münasibət müsbətdir. Yəni mənfi yanaşma kimlərdəsə olursa da bilməyənlərdə olur. Belə bir söz var ki, insan bilmədiklərinin düşmənidir. Yəni bizi bilənlər əsla mənfi yanaşmırlar. 90 faiz müşahidələrimizə əsasən müsbət münasibətin olduğunu görürük.
Adından da məlum olduğu kimi bu qrupa bir qayda olaraq kişilər üzv olur. Müxtəlif vaxtlarda ümumi müşahidələrdən belə qənaət gəlmək olur ki, qadınların bu qrupa marağı var. Lakin qrupun öz qaydaları olduğu üçün bu yolverilməzdir. Bu barədə nə deyə bilərsiniz?
– İstənilən halda qurulan sistemə nəzarət önəmlidir. Bizdə də bu qrupda xanımların olmaması gərəkir əgər qrupda xanımlar da olsa bu o deməkdir ki, işin sirri pozulur. Ona görə də qadınların marağı olsa da onu yalnız kənardan izləyə bilərlər. Hətta bu məkana dəfələrlə qadınlar gəlmək istəyib lakin biz daxil olmağa icazə verməmişik…
Sosial şəbəkə üzvlərinin qrupa daha çox üzv olması üçün nə kimi addımlar atırsınız?
– Əslində heç bir addım atmırıq. Yəni bu təbii olaraq baş verir. Yəni hər gün qrupa üzv olanlar öz dostlarını dəvət edirlər. Əlavə heç nə etmirik.
– Vəfadar bəy! Hazırda biz müsahibəni apardığımız “Kişilər klubu” qrupuyla eyniadlı “Kişilər Klubu” restoranı olduqca maraqlı bir məkandır. Bir az da bu restoranın belə maraqlı yaranma ideası və tarixindən danışasınız!
“Ağıllı kişi haqsız olduğu zaman kişilərdən, haqlı olduğu zaman isə qadınardan üzr istəyər…”
Restoran qrupdan sonra yarandı. Qrup kontingentinə uyğun quruldu. Biz bu məkanı quranda xitabımız da intellektual kütləyə idi. Deyə bilərəm ki, istəyimizə nail olmuşuq. Bura gələn insanlar adətən iş adamları və intellektual şəxslərdi. Bizə bəzən suallar verilir ki, siz maddi vəziyyəti aşağı olanlaramı yaxud əksinə olan təbəqəyə xidmət edirsiniz. Bizim cavabımız isə intellektual kütlədir. Buraya gələnlər üçün elə mühit yaratmışıq ki, onlar özlərini ən azı evlərindəki kimi rahat hiss etsinlər. Bura gələn kişilər – müştərilər yalnız yemək və çay üçün gəlmir həm də mədəni istirahət edirlər. Müxtəlif stolüstü oyunlar və.s var. Biz burda həm də maarifləndirmə ilə də məşğuluq. Məsələn “Kişi söhbətləri” konsepti var biz həftə bunu təşkil edirik. Müxtəlif peşə sahibləri gəlib fərqli mövzularda öz biliklərini bölüşürlər. Faydalı müzakirələr olur. Yeni bir konseptə başlamışıq.” Zarafat sizsiniz” adlanır. Daha çox müxtəlif mövzularda qonaqlarımız başlarına gələn maraqlı əhvalatları danışırlar. Eyni zamanda dinləyənlər də buna qoşula bilir. Nəticədə yüksək əhval ruhiyyə və əyləncə, istirahət abu – havası yaratmış oluruq. Təbii ki, gülüşümüz də zarafatlar da intellektual kütləyə hesablanıb. ( Gülür .)
Kimlərsə daha kreativ ideyalarla qarşınıza çıxarsa onların fikirləri ilə razılaşarsınızmı?
Ümumiyyətlə bütün məntiqli və faydalı təkliflərə açığıq. Və hər zaman belə təklifləri dinləməyə hazırıq. Əgər biz tərəfdən nəsə mümkündürsə biz onu reallaşdırmağa da cəhd edərik.
Yaxın gələcəkdə yəqin ki, daha maraqlı planlarınız olacaqdır.Lütfən bu barədə də fikirləriniz maraqlıdır!
Biz klubu açandan sonra əlavə işlər də gördük. Məsələn məlumatınız var yəqin ki, “Kişi İş Adamları birliyi ” -ni yaratdıq. Bu kişi sahibkarlar üçün bir birlikdir. AKİAB adlanır. Bu həm sahibkarların öz inkişafları üçün həm də işçilərin inkişafları üçün təlimlər təşkil edirik. Eyni zamanda “Kişi kartı” var. Bu kəşbəq sistemidir. Mobil tətbiq kimi də androidlərə yükləmək də mümkündür. Bu karta sahib olan hər kəs bir çox şirkətlərdən endirimlər əldə edirlər. Hər kəs istifadə edə bilər. Tək şərtimiz kişi olmaqdır. ( Gülür ). Faydalılıq prinsipimiz davam edir.
Sonda sosial şəbəkə istifadəçilərinə və ümumiyyətlə “Kişilər klubu” – nun admini olaraq kişilərə nə sözünüz var?
Mən adətən məsləhət verməyi sevmirəm lakin kimsə hər hansısa bir məsələdə müraciət edərsə təbii ki, fikirlərimi bildirirəm. Amma qeyd eliyim ki, insan əgər istər şəxsi həyatında istərsə də iş həyatında faydalı olmağı , digərlərindən yaxşı mənada fərqlənməyi əsas seçirsə o zaman uğura gec –tez çatır. Bizim dəyərimiz olan – Hər kəsə faydalı olmaq – şüarını tövsiyyə edə bilərəm. Bu qədər. ( Gülümsəyir )
Təşəkkür edirəm maraqlı müsahibə üçün. Uğurlarınız daha çox olsun.
Mən də sizə təşəkkür edirəm. Zəhmət çəkdiniz gəldiniz. Sizə də saytınıza da hər zaman belə faydalı fəaliyyət arzu edirəm.
Söhbətləşdi: Bünyamin Bünyadzadə Respublikainfo.com