Respublikainfo.com Media Qrupun “Sağlam həyat” rubrikasının növbəti qonağı psixoloq Şura Heydərovadır.
Əsasən yeniyetməlik vaxtında uşaqlarda sosiallaşma, doğru münasibət qura bilməmək və digər bu kimi problemlər baş verir.
Bu problemlər də təbii olaraq valideynlərdən haqlı narahatlıqlara səbəb olur. Bəzi hallarda uşağın özünə qapanması və ya qeyri-adekvat davranışları, eləcə də müxtəlif psixoloji gərginlikləri valideynləri məyus edir.
Beləliklə bu kimi halların qarşısının alınması üçün uşaq və yeniyetmələrə hansı psixoloji dəstək metodları ilə yardım etmək olar? Ümumiyyətlə valideynlər uşaqlarını hansı yaş mərhələsindən etibarən uşaq psixoloqlarına aparmalıdır?
Mövzu ilə bağlı psixoloq Şura Heydərova saytımıza açıqlamasında bildirib ki, yeniyetməlik dövrünü yüngül keçirmək üçün valideyn ilk növbədə özünü maarifləndirməlidir”.
Psixoloq Şura Heydərovanın sözlərinə görə, yeniyetməlik dövrü təkcə uşaqlar üçün deyil, valideynlər üçün də çətin və yeni mərhələdir. Bu dövrdə uşaqlarda baş verən dəyişikliklər yalnız fiziki deyil, eyni zamanda psixoloji və sosial sahəyə də təsir edir. Valideynlər övladlarında yeni davranışlar, emosional dalğalanmalar gördükcə narahatlıq keçirir və bəzən vəziyyətə düzgün reaksiya verməkdə çətinlik yaşayırlar.
“Yeniyetməlikdə uşaqda fiziki, emosional və sosial dəyişikliklər paralel şəkildə baş verir. Bu dəyişikliklər valideynin də psixologiyasına təsir edir. Uşaqda baş verən hər dəyişiklik ailə mühitinə də yansıyır. Əsas məsələ valideynin bu dövrü düzgün anlamağı və övladına uyğun münasibət göstərməsidir”, – deyə psixoloq vurğulayıb.
Əsasən yeniyetməlik vaxtında uşaqlarda sosiallaşma, doğru münasibət qura bilməmək və digər bu kimi problemlər baş verir.
Bu problemlər də təbii olaraq valideynlərdən haqlı narahatlıqlara səbəb olur. Bəzi hallarda uşağın özünə qapanması və ya qeyri-adekvat davranışları, eləcə də müxtəlif psixoloji gərginlikləri valideynləri məyus edir.
Beləliklə bu kimi halların qarşısının alınması üçün uşaq və yeniyetmələrə hansı psixoloji dəstək metodları ilə yardım etmək olar? Ümumiyyətlə valideynlər uşaqlarını hansı yaş mərhələsindən etibarən uşaq psixoloqlarına aparmalıdır?
“Valideyn ilk növbədə özünü öyrətməlidir”
Mütəxəssisin fikrincə, valideynlər yeniyetmənin davranışlarını problem kimi deyil, inkişafın təbii mərhələsi kimi qəbul etməlidir. Emosional dalğalanmalar, özünə qapanma, dost çevrəsinin dəyişməsi, münasibət qurmaqda çətinlik – bunların hamısı normativ prosesin bir hissəsidir.
“Valideyn nə qədər tənqid edərsə, uşaqda özünəqapanma bir o qədər artacaq. Müqayisələr, qınaqlar, sərt münasibət – bunların hamısı yeniyetmənin psixoloji sabitliyinə mənfi təsir edir. Əksinə, anlayış, dialoq, dinləmə və dəstək bu dövrdə ən vacibdir”, – deyə Şura Heydərova əlavə edib.
Psixoloqun sözlərinə görə, uşaqla danışıq zamanı qınayan, hədə-qorxu dolu suallar deyil, anlayış göstərən cümlələr seçilməlidir:
“Məsələn ‘Niyə belə etdin?’ yox, ‘Mən səni başa düşürəm, mən də sənin yaşında oxşar şeylər yaşamışam’ kimi yanaşmalar uşağın açılmasına kömək edir.”
“Şiddət heç nəyi həll etmir – əksinə, vəziyyəti daha da ağırlaşdırır”
Psixoloq valideynlərin bəzən tərbiyə adı altında sərt davranma və fiziki cəza tətbiq etməsinin gələcəkdə çox ciddi peşmanlığa səbəb olduğunu bildirir.
“Uşağa şiddət göstərən valideyn həm övladın, həm münasibətin psixoloji bütövlüyünü zədələyir. Yeniyetməlik dövründə şiddət travmanı daha da dərinləşdirir və uşağın valideyndən uzaqlaşmasına səbəb olur.”
Bu səbəbdən psixoloq valideynlərə dialoq əsaslı münasibət, emosiyaların düzgün tənzimi, qarşılıqlı hörmət və əməkdaşlıq yanaşmasını tövsiyə edir.
Yeniyetməlik dövrünə hazırlığın əsası – maariflənmə
Şura Heydərovanın fikrincə, valideynlərin bu dövrü sakit və zərərsiz şəkildə keçməsi birbaşa onların məlumatlılıq səviyyəsindən asılıdır:
“Valideyn yeniyetməlik haqqında nə qədər çox məlumat əldə etsə, proses bir o qədər yüngül keçəcək. Bu dövr fövqəladə bir vəziyyət deyil – sadəcə keçid mərhələsidir. Valideyn maariflənməli, övladının bu yaşdakı davranışlarını düzgün təhlil etməlidir.”
Uşağı psixoloqa aparmaq üçün hansı yaş uyğun hesab olunur?
Mütəxəssis bildirir ki, psixoloqa müraciət üçün konkret yaş həddi yoxdur. Əgər uşaqda özünəqapanma, sosial çətinlik, dostluq münasibətlərinin qurulmaması, tez-tez emosional dəyişikliklər müşahidə olunursa, valideyn gecikmədən mütəxəssisə müraciət etməlidir.
“Bu əlamətlər erkən yaşlarda da görünə bilər. Əgər valideyn övladının sosiallaşmaqdan qaçdığını, insanlarla ünsiyyət qurmaq istəmədiyini, əhvalının tez-tez dəyişdiyini hiss edirsə, həmin andan psixoloqa müraciət etməlidir. Gecikmək yeniyetməlik dövründə daha ciddi fəsadlara gətirib çıxara bilər.”
“Uşağın ən böyük müəllimi valideynin davranışıdır”
Müsahibənin sonunda Şura Heydərova valideynlərə mühüm mesaj verir:
“Valideyn nə qədər danışsa da, əsl nümunə onun davranışıdır. Uşaqlar valideynə baxaraq davranış modeli qururlar. Ona görə də valideyn əvvəlcə öz emosiyalarını idarə etməli və ailə mühitində sağlam münasibət nümunəsi göstərməlidir.”
Sonda psixoloq Şura Heydərovanın instagram səhifəsini də sizə təqdim edirik:
https://www.instagram.com/psixoloq_heyderova_shura?igsh=bXRuZWhxOWszYXg0







