Respublikainfo.com Media Qrupu deputatlığa namizəd Gülpəri Bayramovanın seçicilərə müraciətini təqdim edir:
Əziz seçicilər!
Bu, 16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizəd olaraq sizə son müraciətimdir. Çünki bu gündən etibarən rəsmi təbliğat kampaniyası dövrü başa çatır.
Bu yola çıxdığımızda qarşıda bizi uzun və çətin bir rəqabət gözlədiyinin fərqindəydik. Lakin bu müddətdə gördüklərim, yaşadıqlarım və hər birinizlə olan təmaslarım mənə bir daha sübut etdi ki, biz birlikdə çox şeyə qadirik.
29 yaşım var və mən xalqımızın və dövlətimizim qarşısında böyük məsuliyyət hiss edirəm. Gənc olmağıma baxmayaraq, həyata keçirdiyimiz təşəbbüslərimiz, bu günə qədərki fəaliyyətimiz və topluma xidmət edən layihələrimiz mənə öyrətdi ki, uğur yalnız səbr, əzm və güclü iradə ilə qazanılır. Seçkilərə qatılmaq qərarım isə, sadəcə şəxsi ambisiya deyil, ölkəmin və xalqımın gələcəyi üçün duyduğum məsuliyyət hissindən irəli gəlir. Gənc iş adamı olaraq, ölkəmizin inkişafı, cəmiyyətimizin rifahı və gələcək nəsillərin daha yaxşı bir Azərbaycanda yaşaması üçün öz töhfəmi vermək istəyirəm. Bu məqsədlə, sizə, xalqıma xidmət etmək arzusu ilə deputatlığa namizədliyimi irəli sürdüm.
Seçki kampaniyam ərzində mənim üçün ən önəmli olan şey sizin, dəyərli seçicilərimin fikirlərini dinləmək oldu. Hər birinizlə keçirdiyim görüşlərdə sizin narahatlıqlarınızı, problemlərinizi və ehtiyaclarınızı öyrəndim. Mən başa düşürəm ki, parlamentdə təmsilçilik yalnız qanunların qəbul edilməsi ilə məhdudlaşmır. Bu, xalqın səsinə qulaq asmaq, onların ehtiyaclarını görmək və həqiqi dəyişikliklərə nail olmaq deməkdir. Sizin hər birinizin istəkləri mənim üçün böyük önəm daşıyır. Buna görə də mənim əsas məqsədim sizin problemlərinizi həll etmək, sosial ədaləti təmin olunmasına dəstək olmaq və ölkəmizin davamlı inkişafına töhfə verməkdir.
Bu gün biz elə bir dövrdə yaşayırıq ki, ölkəmiz yenidənqurmanın və tərəqqinin yeni mərhələsinə qədəm qoyub. Lakin bu inkişaf yalnız hökumət və dövlət qurumlarının işi ilə məhdudlaşmamalıdır. Bizim cəmiyyət olaraq hər birimiz, xüsusən də gənclər, bu prosesin bir parçası olmalıyıq. Gənclərin enerjisi, yeniliklərə açıq olması və dinamik yanaşması ölkəmizin gələcək uğurlarının təməl daşıdır.
Mən, gənc bir namizəd olaraq, bu enerjini parlamentdə də təmsil etmək, xalqımın səsinə daha güclü səs qatmaq niyyətindəyəm.
Bu seçki kampaniyasında uğurlu bir təbliğat apardıq, fikirlərimizi sizə çatdırmağa çalışdıq. Lakin son qərar, əlbəttə ki, sizindir. Seçim zamanı verdiyiniz qərar yalnız bu gün üçün deyil, gələcək nəsillər üçün də vacib olacaq. Mənə səs vermək, dəyişikliklərə olan inamınızı ifadə etməkdir. Mənə səs vermək, xalqın həqiqi təmsilçisi olmaq üçün bir addım atmaqdır.
Hər birinizi seçki məntəqələrinə gəlməyə və mənə dəstək olmağa səsləyirəm!
Sizə söz verirəm ki, seçildiyim təqdirdə xalqımın və dövlətimin yanında olacağam, sizin problemlərinizin həllinə nail olmağa çalışacağam. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi çoxvektorlu islahatlara öz töhfəmi verəcəyəm. Mənim üçün siyasət şəxsi maraqlardan ibarət deyil, xalqa xidmət deməkdir. Hər birinizi dinləyərək, problemlərinizin həlli üçün əlimdən gələni edəcəyəm. Mənim əsas məqsədim cəmiyyətimizdə sosial ədalətin təmin edilməsi, iqtisadiyyatımızın gücləndirilməsi və gənclərimizin gələcəyinin daha parlaq olmasıdır.
Hörmətli seçicilər, sizin dəstəyiniz mənim üçün əvəzolunmazdır. Seçim zamanı hər birinizin səsinə ehtiyacım var. Sizdən xahişim odur ki, məni dəstəkləyəsiniz və birgə daha güclü, daha ədalətli bir cəmiyyət quraq. Sizin səsiniz yalnız mənim uğuruma deyil, xalqımızın və ölkəmizin uğuruna səbəb olacaq. Birlikdə biz bu yolda irəliləyə bilərik.
Sizə və ailələrinizə sağlamlıq, rifah və uğurlar diləyirəm. Seçim sizin əlinizdədir!
Biz dünən də BİRLİKdəydik, bu gün də BİRLİKdəyik, sabah da BİRLİKdə olacağıq! Sağlam Gənclik, sağlam düşüncə, sağlam gələcək!
Dərin hörmətlə,
16 saylı Yasamal ikinci seçki dairəsindən
sizin namizədiniz Gülpəri Bayramova