Qapalı görüşdə Türkiyədən və Gürcüstandan da nümayəndələr iştirak edib?!
Hamını indi bir sual düşündürür ki, görəsən,
5 apreldə Avropa paytaxtında baş tutan Aİ-Ermənistan-ABŞ sammitində, əsasən, nələr müzakirə olunub.
Entoni Blinken kimi ABŞ-ın ən yüksək səviyyəli diplomatının, o cümlədən Avropa İttifaqının sədri Ursula von der Leyenin qatıldığı sammit sıradan bir toplantı ola bilməzdi axı. Zatən prezident Əliyevin də məsələyə münasibətindəki gərgin notlar bunu deməyə əsas verirdi.
Könül istərdi ki, Azərbaycan da tərəf kimi bu toplantıda iştirak etsin. Lakin NATO katibi Stoltenberqə Azərbaycan səfərində adi mətbuat konfransı keçirməyə müsadə etməyən rəsmi Bakının məlum görüşdən kənarda qalacağı ehtimalları da güclü idi.
Beləliklə, ABŞ-Ermənistan-Aİ görüşü baş tutdu, ardınca isə ictimaiyyətə bəzi açıqlamalar verildi və elə təəssürat yarandı ki, guya bu, sıradan, növbətçi bir görüş olub və orada iqtisadi əməkdaşlıq məsələləri, iqtisadi perspektivlər müzakirə olunub. Lakin gəlin etiraf edək ki, bu, belə deyil.
Siyasi proseslərin dərinliyində müşahidə qabiliyyəti iti olan hər kəsə aydındır ki, görüşdən sonra ictimaiyyətlə bölüşülən informasiyalar, sadəcə, razılaşdırılmış açıqlamalardır və başlanmaqda olan ümumi bir prosesin jurnal hissəsidir. Çünki masada nəinki Ermənistanın, yaxud Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın məsələsi, gələcək taleyi dartışılıb.
Yoxsa Əliyev əbəs yerə, Brüssel görüşündən hələ
bir gün qabaq Türkiyənin NATO-dakı bir nömrəli diplomatı Mövlud Çavuşoğlu ilə görüşdə cümləsini məhz belə qurmazdı: “…Brüssel görüşünün Azərbaycanın və Cənubi Qafqazda iş birliyinin əleyhinə olduğunu bilirik. Bu, ayırıcı xətlərin yaradılması və ölkəmizi təcrid etmək məqsədi güdür”.
İndi, buradan istər-istəməz belə bir sual meydana çıxır: Doğrudanmı narahatlıq yaradan TƏCRİD sırf Azərbaycan dövləti ilə əlaqədardır, yoxsa siyasi hakimiyyətin özü iləmi bağlıdır? Əliyevin ehtiyatla işlətdiyi “İŞ BİRLİYİ” və “AYIRICI XƏTLƏR” ifadələrinin altında nə yatır?
Aydındır ki, heç şübhəsiz NATO baş katibi Stoltenberqin Cənubi Qafqazın hər üç ölkəsinə səfərinin şifrələri məhz 5 aprel görüşündə açıla bilərdi. Əbəs yerə belə məlumatlar gəzmir ki, qapalı görüşlərdə, hətta Türkiyədən və Gürcüstandan da nümayəndələr iştirak edib.
Ehtimallar var ki, görüşdə kifayət qədər konfidensial saxlanılan məsələlər də müzakirə olunub. Bundan da Azərbaycan tərəfinin müfəssəl məlumatı var. Sözün düzü, Bakının olaya isterik reaksiya verməsi də sırf bununla əlaqədardır. Cənubi Qafqaz ölkələrində demokratiya, insan hüquq və azadlıqları, hüququn aliliyi, şəffaf və hesabatlı idarəetmə sistemi, korrupsiya kimi məsələlərin müzakirələr zamanı tərəflərin daha çox üzərində dayandığı məsələlər olması rəsmi Bakının əhvalını poza bilməzdimi?
Məncə, gündəliyin sırf bu şəkildə tutulması prezident Əliyevi özündən çıxaran səbəb (yaxud bəhanə) ola bilər. Çünki belə olan halda, hədəf taxtasına Azərbaycan yox, əksinə, onu idarə edən, onu Avroatlantik məkana inteqrasiya xəttindən sürətlə uzaqlaşdıran siyasi hakimiyyət qoyulur. Rəsmi Bakının davranışlarında müşahidə olunan aşırı isterikanı sırf burada axtarmaq lazımdır..
Bundan başqa, görüşdən sonra Ermənistan baş naziri Nikol Paşinyan və komanda üzvlərinin açıqlamalarından, onların məmnun olduqları hiss olunur, deməli, İrəvan üçün istədiklərini haradasa əldə ediblər.
Bəs yaxşı, Sizcə, konfidensial hesab olunan müzakirə predmetləri nə ola bilər?
Mən öz versiyalarımı yazıram:
1. Cənubi Qafqazda hərtərəfli təhlükəsizlik məsələləri, uzunmüddətli sabitlik və bölgənin mümkün Rusiya və İran ekspansiyasına qarşı birgə müqavimət imkanları;
2. Azərbaycan-Ermənistan münasibətləri, iki ölkə arasında təcili surətdə sülh müqaviləsinin bağlanması perspektivləri;
3. Azərbaycan-Rusiya münasibətləri və bunun Cənubi Qafqazda gedən geosiyasi və geoiqtisadi proseslərə mənfi təsirləri;
4. Ukrayna-Rusiya müharibəsi fonunda Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların Cənubi Qafqazdan yan keçməsinin ümumi işə vurduğu zərbənin yaratdığı neqativlər;
5. Cənubi Qafqazda demokratiyanın yayılması, insan hüquq və azadlıqları, hüququn aliliyi, şəffaflıq və hesabatlılıq; korrupsiya;
6. Azərbaycan-Türkiyə münasibətləri;
7. Ermənistan-Türkiyə münasibətləri;
8. NATO ölkəsi Türkiyənin Cənubi Qafqazda uzunmüddətli sabitliyin, sülhün, barışın, qonşuluq münasibətlərinin əsaslı bərpası, o cümlədən demokratiyanın yayılmasında oynaya biləcəyi birləşdirici rol;
9. Aİ və NATO ölkəsi Türkiyənin təhlükəsizlik çətiri altında Azərbaycan, Gürcüstan və Ermənistanın birlikdə CƏNUBİ QAFQAZ EVİ təsis etməsi perspektivləri;
P.S. Mövzu müzakirələrə açıqdır və hər kəs öz versiyasını, öz ehtimalını yazıb, polemikaya girə bilər. Xahiş edirəm müzakirələrə qoşulan adamlar öz fikirlərini ümumi əxlaq normaları çərçivəsində ifadə etsinlər.
ATTAÖM Başqanı Mirzə Rəşad Orbey
Respublikainfo.com