Bakı öz neftinə və strateji movqeyinə görə hər zaman imperialist dövlətlərin diqqət mərkəzində olub, dəfələrlə hücuma məruz qalıb. Vəziyyət o yerə çatıb ki, Azərbaycan Xalq Cümhuriyyəti öz müstəqilliyini elan edərkən belə Bakıya girə bilməyib, çünki təcavüzkar Rusiya neft və milyonlar şəhəri Bakını Azərbaycanın ürəyindən qoparmaq istəyirdi.
Fəqət nə xoşdur ki, dövrün mürəkkəb tarixi şəraitində ağır dönəm yaşayan Osmanlı dövləti qardaşlıq borcu olaraq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunu ölkəmizə göndərərək öz tarixi missiyasını şərəflə yerinə yetirdi.
Sentyabrın 15-də Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı altında Azərbaycan Korpusu ilə bir yerdə Bakını rus bolşevik-erməni birliyinin işğalından azad etdi.
Böyük qəhrəmanlıqlar göstərən Qafqaz İslam Ordusu bu döyüşlərdə 1130 şəhid verdi.
107 il öncə bu gün Qafqazda iki qardaş ölkə öz güclərini birləşdirərək, Turanın qurulması üçün bir addım daha atmışdı. 15 sentyabr hər iki dövlətin tarixində böyük əhəmiyyət daşıyan bir hadisədir.
Ərazi bütövlüyümüz və müstəqilliyimiz uğrunda canını fəda edən Şəhidlərimizin qarşısında baş əyir, xilaskar Nuru Paşaya Tanrıdan rəhmət diləyir, onların parlaq xatirəsi önündə ehtiramla baş əyirəm!
Çox təssüf ki, bu böyük komandana, Onun xilas etdiyi şəhərdə hələ də xatirə abidəsi inşa etmək mümkün olmadı. Bu barədə çox uzun fikir bildirmək istəmirəm, Milli hökümətimizin düşmənlərinin nərimanovların, ayna sultanovaların heykəlinin olduğu şəhərdə Şəhərin xilaskarının heykəli qoyulub, adı əbədiləşdirilmirsə bu bilincli şəkildə bizim milli şüurumuzu baltalamaqdır!
Azərbaycanda 15 sentyabr tarixi həm də, Bilik günu kimi qeyd olunur. Azərbaycanın yeni yetişən nəsli öz gerçək tarixini və qəhrəmanlarını tanıyacaq və Nuru Paşaya öz qəlbində əbədi heykəl ucaldacaq!
Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!
ANAR ƏSƏDLİ

